Bakı Mühəndislik Universitetinin (BMU) Biologiya laboratoriyalarının maddi-texniki bazası əhəmiyyətli dərəcədə gücləndirilib və fəaliyyəti müasir çağırışlara uyğunlaşdırılaraq yenidən qurulub. Artıq Mikroskopik tədqiqatlar və Mikrobiologiya adı altında fəaliyyət göstərəcək bu elmi müəssisələr tələbələr və əməkdaşlar üçün daha geniş spektrdə elmi tədqiqatlar və praktiki məşğələlər aparmaq imkanı yaradacaq.
Modern.az xəbər verir ki, BMU-nun rektoru Yaqub Piriyev və Səhiyyə Nazirliyi V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev laboratoriyalarla tanış olub, burada aparılan elmi-tədqiqat və praktiki məşğələlər barədə məlumat alıb, həmçinin tələbələrlə söhbət edərək onların elmi fəaliyyəti ilə maraqlanıblar.
Yaqub Piriyev son illər BMU-nun laboratoriyalarında tədqiqatların və praktiki məşğələlərin yüksək səviyyədə təşkili üçün görülən işlərə diqqət çəkib. Tələbələrin və gənc tədqiqatçıların elmi fəaliyyətinin dəstəklənməsinin universitetin əsas prioritetlərindən biri olduğunu qeyd edib. Bildirib ki, maddi-texniki bazanın gücləndirilməsi tələbələr və elmi işçilərin tədqiqat imkanlarını genişləndirir. Bu, onlara müasir bioloji və biotexnoloji tədqiqat metodlarını öyrənmək, elmi bacarıqlarını praktik şəkildə inkişaf etdirmək, müəyyən layihələr hazırlamaq imkanı verir, eyni zamanda BMU-nun elmi potensialını artıraraq innovativ tədris mühiti yaradır.
İnstitutun direktoru Adil Allahverdiyev isə laboratoriyanın yenidən qurulması və müasir avadanlıqlarla təchiz olunmasının elmi tədqiqatların səmərəliliyini artıracağını önə çəkib. O, tələbələrin praktiki, eksperimental bacarıqlarının inkişafının əhəmiyyətini vurğulayıb və laboratoriya şəraitinin tələbələr, tədqiqatçılar üçün əlverişli olduğunu söyləyib.
Laboratoriyalar ilə tanışlıq zamanı bildirilib ki, burada tələbələrə toxuma, hüceyrə, mikroorqanizmlərin struktur və funksiyalarını yüksək dəqiqliklə öyrənmək imkanı təmin edilir. Elmi müəssisələr tələbələr üçün treninqlərin, seminarların və müxtəlif sahələrə uyğun tədqiqatların aparılmasına imkan verəcək şəkildə dizayn olunub. Eyni zamanda bioloji fənlərin təcrübi eksperimental bölmələri və tələbələrin müstəqil elmi-tədqiqat işləri üçün ən müasir cihaz və avadanlıqlar mövcuddur. Belə ki, laboratoriyalar mikroorqanizmlərin və hüceyrə kulturlarının yetişdirilməsi üçün sabit temperatur rejimini təmin edən istilik inkubatoru, qidalı mühitlərin və istifadə olunan laboratoriya vasitələrinin sterilizasiyası məqsədilə şaquli avtoklav, flüoresent trinokulyar mikroskop və digər ən son texnoloji avadanlıqlarla təchiz edilib. Tədqiqat mühitinin sterilliyini qorumaq üçün laminar axın sistemi tətbiq olunduğu laboratoriyalar aparılan elmi layihələrin miqyasının genişlənməsi, beynəlxalq standartlara uyğun tədqiqat mühitinin formalaşdırılması və tələbələrin praktiki bacarıqlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bundan başqa, çalışma masalarının xüsusi işıqlandırılması, mərkəzi elektrik təchizatı sistemi, rəflərin dizaynı və laboratoriya komplektlərinin optimal yerləşdirilməsi praktiki məşğələlərin səmərəliliyini təmin edir.
O da qeyd olunub ki, son illərdə BMU-da “Biotexnologiya” və “Qida mühəndisliyi” kimi bir sıra yeni ixtisaslar açılıb və bu ixtisaslara yüksəkballı tələbələrin marağı daha da artmaqdadır. Biologiya laboratoriyalarının yenilənmiş infrastrukturu həmin ixtisasların tələbələrinin praktiki bacarıqlarının inkişafına töhfə verəcək.