Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi Yığıncağı keçiriləcək.
İclasdan qabaq müzakirə ediləcək 2 mövzudan birinin Ramiz Mehdiyevin AMEA-nın həqiqi üzvlüyündən xaric edilməsi olduğu bildirilirdi. Amma iclasdan əvvəl AMEA tərəfindən yayılan rəsmi məlumatda bildirilib ki, Ramiz Mehdiyevin həqiqi üzvlükdən çıxarılması məsələsi qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə həll ediləcək. Qeyd olunub ki, ona qarşı irəli sürülmüş ittihamlar üzrə təqsirliliyi məhkəmə hökmü ilə təsdiq olunacağı halda, məsələ AMEA-nın Ümumi Yığıncağının müzakirəsinə çıxarılacaq və müvafiq qərar qəbul ediləcək.
Modern.az iclasda hansı məsələlərin müzakirə olunacağı ilə bağlı AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlayıb.
Qurumdan iclasın gündəliyində Ramiz Mehdiyevlə bağlı məsələnin olmadığı təsdiqlənib. Qeyd edilib ki, bu mövzuda iclas yalnız məhkəmə hökmü verildikdən sonra keçirilə bilər. Hazırda isə gündəlikdə əsasən elmi-təşkilati məsələlərin müzakirəyə çıxarılması nəzərdə tutulur.
Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında bir sıra rəsmi şəxslərin çıxışları da nəzərdə tutulub.
Belə ki, yığıncaqda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini Firudin Qurbanov açılış nitqi ilə, həmçinin AMEA-nın elmi təşkilatların və ali təhsil müəssisələrinin 2025-ci ildəki elmi təşkilati fəaliyyəti haqqında AMEA-nın akademik katibi Arif Həşimov məruzə ilə çıxış edəcəklər. Bundan əlavə, yığıncaqda Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, AMEA-nın müşaviri, akademik Yaqub Mahmudov, “Rəqəmsal elm və süni intellekt” mövzusunda məruzə ilə akademik Əli Abbasov çıxış edəcək. AMEA Gənclər Akademiyasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev isə “Gənc Alimlər Şurasından - Gənclər Akademiyasına” mövzusunda fikirlərini bölüşəcək.
Həmçinin, AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil şöbəsinin müdiri, filologiya elmləri doktoru Sərxan Xavəri AMEA-nın tabeliyində olan elmi-tədqiqat müəssisələrinin elmi-metrik reytinq göstəriciləri barədə məlumat verəcək.
Xatırladaq ki, AMEA-nın ümumi yığıncağı hər il Rəyasət Heyətinin müəyyənləşdirdiyi tarixdə keçirilir. Bundan başqa, Rəyasət Heyəti, Akademiyanın prezidenti və ya Nizamnamədə nəzərdə tutulmuş sayda həqiqi üzvlərin müraciəti əsasında növbədənkənar iclas çağırıla bilər. Növbədənkənar iclas mühüm təşkilati və struktur dəyişiklikləri, rəhbər vəzifələrə seçkilər və ya vaxtından əvvəl səlahiyyətlərə xitam verilməsi, dövlət səviyyəsində tapşırıqlar yaxud təxirəsalınmaz elmi və ya maliyyə məsələləri ilə bağlı çağırıla bilər.