Gəncə Dövlət Universitetində Xocalı faciəsinin 34-cü ildönümünə həsr edilmiş anım tədbirindən öncə rektor Yusif Yusibov və professor-müəllim heyəti rəsm əsərlərinə və kitablardan ibarət guşəyə baxış keçiriblər.
Modern.az xəbər verir ki, anım tədbirində Ümummilli Lider Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının, eləcə də torpaqlarımızın azadlığı uğrunda canlarını verən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Xocalı soyqırımının dəhşətlərini özündə əks etdirən videoçarx nümayiş olunub.
Gəncə Dövlət Univesitetinin rektoru Yusif Yusibov giriş sözü ilə çıxış edərək 1992-ci il fevralın 25-dan 26-na keçən gecə Xocalıda törədilən faciədə Azərbaycan xalqının başına gətirilən müsibətlərdən, bu kütləvi qırğında yüzlərlə insanın vəhçicəsinə qətlə yetirilməsindən, yandırılmasından və girov götürülməsindən danışıb. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin qeyd etdiyi kimi, Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı ilə bəşər tarixində vəhşilik aktıdır. 1992-ci ildə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu, Xocalı şəhəri işğal nəticəsində xarabalığa çevrildi. Xocalıda 613 nəfər qətlə yetirildi, yüzlərlə insan yaralandı, minlərlə sakin əsir və girov götürüldü. Bu rəqəmlər sadəcə statistika deyil – hər biri yarımçıq qalmış bir həyatın, dağıdılmış ailənin, sönmüş ümidin ifadəsidir.
Rektor çıxışında Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərdən danışıb. Diqqətə çatdırıb ki, Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində Ulu Öndər Heydər Əliyevin yürütdüyü siyasət bu gün dövlət başçısı Cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfər nəticəsində Xocalı soyqırımı qurbanlarının, eləcə digər şəhidlərimizin qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhəri separatçılardan tamamilə təmizləndi. Dövlət başçısı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltmaqla soyqırımı qurbanlarının qanının yerdə qalmadığını, onların qisasının alındığını bir daha sübuta yetirdi.
Daha sonra Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva “Xocalı soyqırımı – Azərbaycan xalqının qan yaddaşı” adlı məruzə ilə çıxış edib. Prorektor bildirib ki, Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokostsoyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı faciə ilə müqayisə oluna bilər. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. “Xocalıya Ədalət” beynəlxalq maarifləndirmə kampaniyası Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir.
Tədbirdə Azərbaycan tarixi kafedrasının müdiri Gülarə Əliyevanın “ Xocalı – XX əsrin soyqırım qurbanı”, Psixologiya kafedrasının baş müəllimi Sabirə Bayramovanın “Bəşəriyyətə qarşı törədilmiş tarixi cinayət”, Sosial fənlər kafedrasının baş müəllimi Üzeyir Balakişiyevin “Tarixi yaddaşın qələbəyə çevrilməsi”, Praktik xarici dillər kafedrasının müəllimi Elzanə Musayevanın “Xocalı qətliamı – tariximizin harayı”, İqtisadiyyat və idarəetmə fakültənin tələbəsi, II Qarabağ Müharibəsi şəhidi Ruslan Abbasovun övladı Maya Abbasovanın “Xocalı dərdi”, Pedaqoji fakültənin tələbəsi Aysun Əliyeva “Xocalıda erməni vandalizmi” məruzələri dinlənilib. Çıxş edənlər Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclis tərəfindən fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilib, 1997-ci ildən etibarən hər il bu tarixdə ölkə ərazisində saat 17:00-da soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilir. Bu, dövlət səviyyəsində faciəyə verilmiş siyasi və hüquqi qiymətin təzahürüdür.