Lənkəranda yeddi kəndi birləşdirən yolun çökməsi nəqliyyat vastələrinin hərəkətini çətinləşdirib.
Modern.az xəbər verir ki, Hirkan-Daşdatük-Biləsər yolunda sürüşmə aktivliyi son yağıntılardan sonra daha da artıb.
Yol yatağında yaranmış iri çatlar hətta 20-30 metr kənara doğru genişlənib. Sürücülər burada hərəkət etməyin həm çətin, həm də təhlükəli olduğunu deyirlər.
Sakinlərin sözlərinə görə, yol üzərindəki çatlara yağıntı sularının dolması buradakı sürşmə aktivliyini daha da artırıb. Nəticədə də yol tədricən keçilməz hala düşüb.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, yolun sözügedən hissəsi nəzarətdə saxlanılır, əraziyə baxış keçirilib və mövcud vəziyyət qiymətləndirilib. Texniki təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. Hava şəraiti imkan verdikdə ərazidə təmir-bərpa işlərinə başlanılacaq. (Xəzər TV)