Modern.az

Xocalı faciəsinin şahidi: 300 nəfərdən cəmi 27 nəfər sağ qaldıq

Xocalı faciəsinin şahidi: 300 nəfərdən cəmi 27 nəfər sağ qaldıq

Aktual

Bu gün, 12:34

XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı hər il anılır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri və onlara dəstək verən 366-cı motoatıcı alayın iştirakı ilə Xocalı şəhəri işğal olunub, dinc əhaliyə qarşı kütləvi qırğın törədilib. Faciə nəticəsində 613 dinc sakin qətlə yetirilib.

Xocalı qətliamının şahidi Səadət Zeynalova yaşadıqlarını Modern.az-a danışıb. O bildirib ki, 31 avqust 1968-ci ildə Xocalıda anadan olub və soyqırımın baş verdiyi günə qədər şəhəri tərk etməyib.

"Həmin gecə qar yağırdı, elə bil, qar yox, yağan qan idi...26 fevrala qədər şəhərin müdafiəsində dayandıq. Cavanlarımız postda idi. Əhali zirzəmilərdə yerləşmişdi. 25 fevral axşam saat 23:00 radələrində 366-cı rus motoatıcı alayının şəhərə daxil olduğunu eşitdik. Cavanlar qalıb vuruşmaq fikrində idi. Amma bilirdilər ki, hərbi dəstək silah-sursat dəstəyi mümkün olmayacaq".

Onun sözlərinə görə, Xocalının ələ keçiriləcəyini anlayan dinc sakinlər Qarqar çayı istiqamətində hərəkət edərək ərazini tərk etməyə çalışıb, amma Ağdam qarlı havada yanlış istiqamətə yönəliblər.

"290 nəfərlik dəstə idik. Gecələr dumanlı olduğu üçün  Ağdam əvəzinə Şuşaya gedib çıxmışdıq. Elə bil, həmin gecə bizə Allah da qarğımışdı. Göydən güllə də yağırdı, qar da. Qoca atasını qurtara bilməyən də oldu..300 nəfərlik dəstədən 27 nəfərimiz sağ çıxdıq".

S.Zeynalova bildirib ki, erməni silahlı birləşmələri bəzi hallarda özlərini kömək məqsədilə gəlmiş dəstə kimi təqdim edərək insanları əsir götürüblər.

"Girov düşməmək üçün özünü vuran, dağdan atanlar oldu. Sağ qalanlardan donvurmaya görə sonradan ayaqları kəsilənlər də oldu. Əmim Kərimov Rəşidin II Dünya Müharibəsində şaxta vurduğuna görə barmaqları kəsilmişdi. Elə bil, taleyinə yazılıb, Xocalıda donvurmadan şəhid oldu. Milli Qəhrəman Allahverdi Bağırovun köməkliyi ilə əmim oğlu Kərimov Əbülfəti 45 günlük əsirlikdən sonra xilas edə bildik. Xalam oğlu, Milli Qəhrəman Araz Səlimov özü üçün saxladığı son gülləni işlədə bilməyib əsirlikdə şəhid oldu. Üz nahiyələrini, barmaqlarını kəsmişdilər. 14 yaşlı xalam qızı Elnarə Aslanova indi də itkindir. Əmim oğlu Milli Qəhrəman Əlif Hacıyevlə birlikdə vuruşmuş Şükürov Vaqif Uzundərə şəhididir. Digər əmim uşaqları Şükürov Akif, Şükürova Əntiqə hələ də itkindir. Yüzlərlə belə insanlarımız var".

Səadət Zeynalova bildirib ki, illər sonra Xocalıya qayıdış onun üçün həm kədərli, həm də qürurverici hissdir. O vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin 15 oktyabr 2023-cü ildə Xocalı şəhərində Dövlət Bayrağı ucatlmasını qürur hissi ilə xatırlayır.

Xatırladaq ki, Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Hazırda şəhərdə bərpa və yenidənqurma işləri aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! ABŞ hərəkətə keçdi - Atışma başladı, ÖLƏNLƏR VAR