YAP Gəncə şəhər Təşkilatının təşkilatçılığı ilə “Memarlıq və Şəhərsalma İli” çərçivəsində “Tariximizin həqiqətləri ” adlı elmi-intellektual yarış keçirilib.
Modern.az xəbər verir ki, bilik yarışında Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universiteti, Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollec, Tibb Kolleci, 1 və 2 saylı Gəncə Regional “ASAN Xidmət” mərkəzlərinin gənclərindən ibarət komandalar iştirak ediblər.
İntellektual yarışda təqdim olunan suallar II Qarabağ müharibəsində Azərbaycan Respublikası Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Ordumuzun əldə etdiyi uğurlar, tarixi Zəfərimiz, şəhidlər, işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən quruculuq işləri və s. mövzuları əhatə edib.
3 mərhələdən ibarət olan elmi-intellektual yarışda Gəncə Dövlət Universitetinin komandası qalib gəlib. 1-ci yeri qazanan tələbələrimizə Gəncə şəhər YAP Təşkilatı tərəfindən kubok və fəxri fərman təqdim olunub.
Qeyd edək ki, yarışın keçirilməsində məqsəd gənclərin intellektual və dünyagörüşünün artırılması, gənclərdə vətənpərvərlik ruhunun daha da möhkəmləndirilməsi, gənclər arasında yaxın tariximizin yaddaşlarda qalması və unudulmaması olub.