Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Suleyman Sani Axundov küçəsi 20 c ünvanında yerləşən "İstanbul" klinikası əmək hüquqlarını pozduğuna görə külli miqdarda cərimələnib.
Modern.az xəbər verir ki, "İstanbul" Klinikası MMC tərəfindən işçinin əmək hüquqlarının pozulması faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) O.Q. adlı həkimin müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib. Klinika rəhbərliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol irəli sürülüb və işə məhkəmədə baxılıb.
Məhkəmənin hökmü ilə "İstanbul" klinikası 20.000 manat cərimə edilib. Klinika rəhbərliyi qərardan apellyasiya şikayəti versə də, təmin olunmayıb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasəm, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək, vəzifəli şəxslər 3000-5000 manatadək, hüquqi şəxslər 20000 -25000 manatadək məbləğdə cərimə edilir. (Qaynarinfo)