2-ci yazı
Əvvəlki yazımda Texnat ideyasından bəhs edərək, texnatların yaranmasından, bu insanların dünyaya baxışı haqda düşüncələrimi bölüşmüşdüm. İndi isə Texnat ideyasının reallaşması ilə dünya necə olacaq sualına cavab axtarmağa çalışacam…
Texnat ideyası həyata keçəndə dünya bu istiqamətlərdə dəyişəcək:
İdarəetmə:
Ənənəvi siyasi sistemlər böyük verilənlərə və süni intellektə əsaslanan alqoritmik idarəetmə ilə əvəz oluna bilər. Qərarlar geniş məlumatların təhlili əsasında qəbul ediləcək ki, bu da səmərəliliyi artıracaq, gündəmə şəffaflıq və nəzarət kimi məsələlər gətiriləcək.
İqtisadiyyat:
Texnat iqtisadiyyatı avtomatlaşdırma, robotlaşdırma və davamlı inkişaf üzərində qurula bilər. Bu, ənənəvi sahələrdə iş yerlərinin azalmasına, eyni zamanda texnoloji sahələrdə yeni peşələrin yaranmasına sgətirib çıxaracaq.
Sosial həyat:
Texnatlarda həyat ağıllı infrastruktur sayəsində daha rahat olacaq, ancaq paralel olaraq rəqəmsal bərabərsizlik və məxfilik itkisi kimi problemlər də yaranacaq.
Ekologiya:
Texnatlar bərpa olunan enerji mənbələrindən istifadə etmək, tullantıları minimuma endirməklə davamlı inkişafın nümunəsi ola bilərlər.
Qlobal nəticələr:
Texnatların meydana çıxması yeni geosiyasi rəqabət formalarına yol açacaq; burada əsas təsir amili texnoloji üstünlük olacaq.
TEXNAT İDEYASINI İRƏLİ SÜRƏN QÜVVƏLƏR
Texnat ideyasını müxtəlif qruplar və qurumlar təşviq edirlər.
1. Texnoloji şirkətləri:
Google, Amazon, Tesla kimi iri korporasiyalar “ağıllı şəhər” və avtonom sistem layihələrinə sərmayə yatırırlar. Məsələn, Alphabet şirkətinin (Google-un ana şirkəti) “Sidewalk Labs” layihəsi texnoloji şəhər yaratmaq cəhdi dir.
2. Texnokratik hərəkatlar:
Bəzi qruplar və fəallar texnokratiyanı müasir problemlərin həlli kimi görərək bu ideyaları yaymaqda davam edirlər.
3. Hökumətlər və beynəlxalq qurumlar:
Səudiyyə Ərəbistanı (NEOM layihəsi), BƏƏ və Çin kimi ölkələr texnoloji cəhətdən inkişaf etmiş şəhər və regionların yaradılmasına böyük investisiyalar yatırırlar.
4. Filantroplar və vizionerlər:
İlon Mask və Piter Til kimi şəxslər texnoloji tərəqqi və cəmiyyətin yeni təşkilatlanma formaları ideyalarını dəstəkləyirlər.
TƏNQİD VƏ RİSKLƏR
Texnat ideyası ciddi mübahisələr doğurur. Bu ideya aşağıdakı riskləri daşıyırlar:
– Məlumatların kütləvi toplanması səbəbindən məxfiliyin itməsi;
– Texnoloji korporasiyaların nəzarətinin güclənməsi;
– Texnat sakinləri ilə dünyanın qalan hissəsi arasında sosial bərabərsizliyin dərinləşməsi;
– Süni intellektin cəmiyyətin idarə olunmasında istifadəsi ilə bağlı etik problemlər.
Beləliklə, texnatlar baxış bucağından asılı olaraq həm utopik, həm də antiutopik bir ideya kimi görünürlər. Onların həyata keçirilməsi cəmiyyətə ciddi dəyişikliklər gətirə bilər, lakin bu proses mütləq şəkildə dərin tənzimləmə və geniş ictimai müzakirə tələb edir.
AZƏRBAYCAN VƏ TEXNAT İDEYASI
Azərbaycan reallığında “texnat” abstrakt fiqur deyil, artıq tanış tipdir. O, nə futuristik laboratoriyalarda gizlənir, nə də yalnız Silikon Vadisinə məxsusdur. Texnat bu gün Bakıda da var – nazirlik dəhlizlərində, universitet auditoriyalarında, media sektorunda, hətta bəzi ailə söhbətlərində də.
Dövlət və idarəetmə mühitində
Azərbaycan kontekstində texnat çox vaxt idarəçi refleksi kimi ortaya çıxır. Qərar prosesində insan taleyi yox, cədvəl əsasdır. Bir ailənin problemi “fərdi hal” deyil, “kənarlaşma”dır. Bir müəllimin səsi “emosiya”, bir tələbənin etirazı “prosedur pozuntusu” sayılır.
Texnat üçün ideal vətəndaş
– sual verməyən,
– sistemi yormayan,
– “normal işləyən” vətəndaşdır.
Bu yanaşma idarəetməni rahatlaşdır, amma cəmiyyəti ruhsuzlaşır.
Təhsil mühitində
Texnat düşüncə təhsildə xüsusilə təhlükəlidir. Çünki burada gələcək formalaşır.
Azərbaycan təhsilində texnat:
– test nəticəsini düşüncədən üstün tutur,
– diplomu bilikdən vacib sayır,
– proqramı müəllimdən, sertifikatı tələbədən önə çıxarır.
Oxumaq yox, “keçmək” əsasdır. Düşünmək yox, “uyğun gəlmək”. Halbuki humanitar yaddaşsız təhsil texniki təlimdir, vəssalam.
Texnat müəllimn “Bu mövzu proqramda yoxdur” deyir, Humanitar müəllim isə sual edir ki,
“Bu mövzu uşağın həyatında nəyi dəyişir?”
Media və ictimai diskursda
Media mühitində texnat reytinglə danışır. Oxucu yox, klik var. Mətn yox, trafik. Fikir yox, algoritmik uyğunluq.
Azərbaycan mediasında texnat:
– mürəkkəb fikri sadələşdirmir, səthiləşdirir;
– sualı dərinləşdirmir, bağlayır;
– yaddaş yaratmır, gündəm istehlak etdirir.
Belə mediada tarix arxivdir, mədəniyyət kontent, düşüncə isə risk faktorudur.
Dil və yaddaş məsələsi
Texnat üçün dil sadəcə ötürücü mexanizmdir. Ona görə ana dilinin zənginliyi, sözün tarixi, metaforanın yükü əhəmiyyətsiz görünür.
Amma Azərbaycan kimi yaddaşı çox zədələnmiş bir cəmiyyətdə dil yalnız ünsiyyət vasitəsi deyil, müqavimət formasıdır. Texnat bunu görmür və görmək istəmir. Çünki yaddaş sistemi yavaşladır.
Nəsillər kontekstində
Z, Alpha və gələn Beta nəsli tamamilə texnat mühitdə böyüyür; onlar üçün ekran təbiidir, sürət isə həyatın normal axarıdır. Əslində problem bu nəsillərin özündə deyil, onları yalnız texnat düşüncə qəlibləri ilə böyütməkdədir. Bu nöqtədə humanitar təfəkkür ilə texnat baxışı kəskin şəkildə üz-üzə gəlir. Humanitar düşüncə üçün insan kainatın mərkəzidir, texnat üçünsə hər şey sadəcə soyuq bir sistemdən ibarətdir.
Əgər uşaq:
– oxumadan yalnız “skan” edirsə,
– yazmadan yalnız paylaşırsa,
– sual vermədən yalnız axtarırsa,
orada artıq texnat refleksi formalaşır.
Gəldiyimiz nəticə çox düşündürücü və ürək açan deyil. Çünki Azərbaycan reallığında texnat
– inkişaf adı ilə yaddaşı zəiflədir,
– səmərəlilik adı ilə insanı kölgəyə çəkir,
– gələcək adı ilə keçmişi lazımsız sayır.
Texnoloji tərəqqi qaçılmazdır, lakin texnat düşüncə mütləq hakimə çevrilərsə, biz mənəviyyatdan arınmış, sadəcə texniki cəhətdən qüsursuz işləyən bir cəmiyyət qurmuş olarıq. Lakin ən böyük təhlükə də elə budur: sistem qüsursuz işlədiyi üçün texnat baxışı bu mənəvi aşınmanı problem kimi qəbul etmir, onun üçün sistemin “işlək” olması kifayətdir. Nitşenin dediyi kimi, “İnsanlar işığın ətrafına toplaşırlar; daha yaxşı görmək üçün deyil, daha yaxşı görünmək üçün”. Texnatın yaratdığı bu parlaq işıq bizi kor etməməlidir; çünki insan ruhu sadəcə bir mexanizmin funksional parçası deyil, həyatın dərin mənasını daşıyan varlıqdır. Bizi bir maşından, robotdan ayıran və həyatın mənasını ortaya çıxaran tək sığınacağımız da məhs elə bu mənəvi yaddaşımızdır.