Modern.az

Memorialın açılışı tarixi ədalətin təntənəsidir

Memorialın açılışı tarixi ədalətin təntənəsidir

Aktual

Bu gün, 11:28

Prezident cənab İlham Əliyevin Xocalı Soyqırımı Memorial Kompleksinin açılışında səsləndirdiyi fikirlər təkcə anım xarakteri daşımır, həm də Azərbaycanın son illərdə keçdiyi siyasi-hərbi yolun, dövlət iradəsinin və ədalət konsepsiyasının məntiqi yekunu kimi çıxış edir. İki il əvvəl təməli qoyulan Memorialın məhz Xocalı şəhərində açılması simvolik hadisə olmaqla yanaşı, post-münaqişə dövrünün yeni reallığını ifadə edir: Xocalıya ədalət artıq şüar deyil, təmin olunmuş siyasi və hüquqi faktdır. Dövlət başçısı çıxışında Xocalı soyqırımını Ermənistan dövləti tərəfindən azərbaycanlılara və bütövlükdə insanlığa qarşı törədilmiş cinayət kimi xarakterizə etdi və məsuliyyət məsələsini açıq şəkildə vurğuladı. Bu yanaşma hadisənin yalnız tarixi faciə deyil, beynəlxalq hüquq müstəvisində qiymətləndirilməli olan soyqırımı aktı kimi təqdim olunmasına əsaslanır. 600-dən çox mülki şəxsin qətlə yetirilməsi, qadın və uşaqların xüsusi qəddarlıqla öldürülməsi, itkin düşənlərin taleyi – bütün bunlar cənab Prezidentin nitqində həm faktoloji, həm də siyasi arqument kimi yer aldı. Çıxışın mühüm xəttlərindən biri informasiya və diplomatik mübarizə aspekti idi. “Xocalıya ədalət!” kampaniyasının rolu xüsusi qeyd olundu. Heydər Əliyev Fondunun və onun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq tədbirlər, nəşrlər və təqdimatlar nəticəsində Xocalı həqiqətlərinin qlobal gündəmə çıxarıldığı vurğulandı. Təxminən 20 ölkənin Xocalı soyqırımını tanıması Azərbaycanın sistemli və ardıcıl diplomatik fəaliyyətinin nəticəsi kimi qiymətləndirildi. Bu, rəsmi Bakının uzun illər ərzində apardığı “haqq səsinin beynəlxalq səviyyədə eşidilməsi” strategiyasının mühüm mərhələsi idi.

Prezident cənab İlham Əliyev ədalətin təmin olunması məsələsini üç mərhələli proses kimi təqdim etdi: beynəlxalq səviyyədə tanınma, 44 günlük Vətən müharibəsində qazanılan Qələbə və Xocalının azad olunması, nəhayət, müharibə cinayətkarlarının məhkəmə qarşısına çıxarılması. Bu yanaşma göstərir ki, rəsmi Bakı üçün ədalət anlayışı təkcə hərbi qələbə ilə məhdudlaşmır; hüquqi məsuliyyət mexanizmi də bu prosesin ayrılmaz hissəsidir. “Ədaləti biz özümüz təmin etdik” tezisi Azərbaycanın xarici vasitəçilərdən asılı olmadan öz milli maraqlarını reallaşdırmaq iradəsini ifadə edir. Çıxışda xüsusi yer tutan məqamlardan biri də dövlətin strateji səbr və hazırlıq mərhələsinə verdiyi qiymətdir. Cənab Prezident qeyd etdi ki, Qələbə təsadüfi deyil, illərlə aparılan məqsədyönlü siyasətin nəticəsidir: güclü iqtisadiyyatın qurulması, müasir və peşəkar ordunun formalaşdırılması, beynəlxalq hüquqi bazanın möhkəmləndirilməsi və strateji tərəfdaşlıqların genişləndirilməsi. Bu kontekstdə 44 günlük müharibə və 2023-cü ilin antiterror əməliyyatı Azərbaycanın planlı və ardıcıl dövlət strategiyasının kulminasiya nöqtəsi kimi təqdim olunur. Memorialın məhz Xocalıda açılması isə həm siyasi, həm də psixoloji baxımdan yeni mərhələnin göstəricisidir. Əgər əvvəl bu layihə Bakıda reallaşdırıla bilərdisə, onun azad olunmuş torpaqda inşa edilməsi dövlət başçısının ifadə etdiyi kimi, inamın və qətiyyətin təcəssümüdür. Bu, həm də post-işğal dövründə tarixi yaddaşın coğrafi olaraq öz məkanına qaytarılması deməkdir.

Prezident cənab İlham Əliyevin çıxışında diqqət çəkən digər məqam Ermənistan rəhbərliyinə ünvanlanan mesajlar idi. 2020-ci il Zəfərindən sonra verilən xəbərdarlıqlara baxmayaraq separatçılığın davam etdirilməsi və xarici dairələrin müdaxilə cəhdləri xatırladıldı. 2023-cü ilin qısa müddətli antiterror əməliyyatı ilə qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi Azərbaycanın suverenlik prinsipinə sadiqliyinin nümayişi kimi təqdim olundu. Bu, regionda yeni təhlükəsizlik reallığının formalaşdığını göstərir. Nitqin ideoloji xəttində “güclü dövlət – ədalətli mübarizə – əyilməz xalq” tezisi aydın şəkildə sezilir. Azərbaycan 1990-cı illərin zəif və parçalanmış dövləti deyil; öz təhlükəsizliyini təmin edən, ərazi bütövlüyünü bərpa edən və müharibə cinayətkarlarını məhkəmə qarşısına çıxaran dövlətdir. Cənab Prezidentin vurğuladığı kimi, müharibənin beynəlxalq humanitar hüquq normalarına uyğun aparılması və mülki əhaliyə qarşı hədəfli siyasətdən imtina edilməsi Azərbaycanın mənəvi üstünlüyü kimi təqdim edilir. Biz bilməliyik ki, Xocalı Soyqırımı Memorial Kompleksinin açılışı təkcə anım mərasimi deyil, dövlətçilik konsepsiyasının nümayişidir. Bu hadisə tarixi yaddaşın qorunması, ədalətin bərpası və gələcək nəsillərə siyasi mesajın ötürülməsi baxımından strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin çıxışı isə göstərir ki, Azərbaycan üçün Xocalı yalnız keçmişin faciəsi deyil, eyni zamanda milli birliyin, dövlət iradəsinin və suverenliyin simvoludur.

Mehriban Vəliyeva

Milli Məclisin deputatı

Sizə yeni x var
Keçid et
Rus əsgərləri Ermənistandan QOVULDU - Kritik proses başlayır