Modern.az

Azərbaycanda turistlərin xərcləri 74% artıb 

Azərbaycanda turistlərin xərcləri 74% artıb 

Aktual

Bu gün, 15:27

2021-2025-ci illər üzrə post-pandemiya dövründə turistlərin yerləşdirilməsi və ictimai iaşə fəaliyyəti sahəsində ÜDM istehsalı hər il orta hesabla 24.5% artaraq 3.6 milyard manata çatıb. Bu isə COVID-19 pandemiyasından əvvəlki səviyyə ilə müqayisədə 23.2% çoxdur. 


Modern.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai dinləməsində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib. 


Agentliyin sədri bildirib ki, ilkin nəticələrə görə turizm sahəsində yaradılan cəmi əlavə dəyər isə 2025-ci ildə 6.9 milyard manat olub. 

“Nəticədə, 2025-ci ildə turizm sektorunun iqtisadiyyatda payı tarixdə ilk dəfə 5.3 faizə yüksəlib. Sürətli böyümə dinamikası bu sahə üzrə yeni iş yerlərinin yaradılması meyillərini dəstəkləyib.

Post-pandemiya dövründə turistlərin yerləşdirilməsi və ictimai iaşə fəaliyyəti sahəsində 58 min yeni muzdlu iş yeri yaradılıb ki, bunun da 21 mini 2025-ci ilin payına düşüb. Nəticədə, fəaliyyət sahəsinin muzdlu əmək bazarında payı 5 il ərzində 1.5 faizdən 4.6 faizə yüksəlib”. 

Onun sözlərinə görə, ötən 5 ildə cəmi turist xərcləmələri 7.7 milyard manat artaraq 2025-ci ildə 9 milyard manata yüksəlib ki, bu da pandemiyadan əvvəlki səviyyədən 39% çoxdur. Həmçinin 2019-cu ilə nisbətən 2025-ci ildə gəlmə turizmi üzrə adambaşına turizm xərcləmələri də 74% artmışdır.  Nəticədə gəlmə turizmi tam bərpa olunmasa da, bu istiqamətdən gəlirlər 2025-ci ildə 3 milyard 258 milyon manata çatıb ki, bu da 2019-cu ilə nisbətən 9.6% çoxdur. 

“Beləliklə, son 5 ildə hotellərin gəlirləri 536 milyon manat, iaşə müəssisələri üzrə dövriyyə isə 2 milyard manatdan çox artmışdır. 2026-cı ilin yanvar ayında Azərbaycana səfər edən əcnəbi vətəndaşların sayında da 2025-ci illə müqayisədə 5% artım var.
Artan göstəricilər onu deməyə əsas verir ki, Azərbaycanın turizm sektoru davamlı inkişafını qoruyur və qeyri-neft iqtisadiyyatının strateji dayaqlarından birinə çevrilir” – o qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İslam dövlətinin NÜVƏ OBYEKTİ VURULDU - Yüzlərlə ölü var