Fevralın 27-dən başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə güclü qar yağıb.
Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən Modern.az-a verilən məlumata görə, ən çox yağıntı Qubanın Xınalıq kəndinə düşüb. Burada qarın hündürlüyü 34 santimetrə çatıb.
Bundan başqa, Qubanın Qırız kəndində (31 sm), Qusarın Ləzə kəndində ( 21 sm) və Xızının Altıağac qəsəbəsində (10 sm) də yağıntının miqdarı çox olub. Quba və Qusarın mərkəzinə isə 17-20 santimetr qar yağıb.
Qarın yağması ilə əlaqədar şimal bölgəsində hava soyuyub, dağlıq ərazilərdə gecə saatlarında temperatur mənfi 8 dərəcəyədək aşağı düşüb. Ən aşağı temperatur Qubanın Qırız və Xınalıq kəndlərində qeydə alınıb.
Güclü qarın yağması Quba rayonunun elektrik təsərrüfatında bəzi fəsadlar törədib. Bu səbəbdən 30-dan çox yaşayış məntəqəsi və rayon mərkəzinin bəzi hissələrində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Hazırda fəsadların aradan qaldırılması istiqamətində iş aparılır.
Hava şəraiti ilə əlaqədar Dövlət Yol Polisi əməkdaşları və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsinin növbətçi briqadaları əraziyə cəlb olunub. Yolların hərəkət hissəsi qardan təmizlənərək qum-duz qarışığı səpilir. Təcrübəsiz və əraziyə bələd olmayan, həmçinin nəqliyyat vasitəsi hava şəraitinə uyğun təchiz edilməyən sürücülərin qarlı havada dağlıq ərazidəki yollardan istifadə etməsi tövsiyə olunmur.