19 noyabr 2020-ci il tarixindən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin müharibədən zərər çəkən vətəndaşlar üçün “Psixoloji dəstək xətti” fəaliyyətə başlayıb.
“Psixoloji dəstək xətti” qələbəmizlə başa çatan Vətən müharibəsinin iştirakçıları olan hərbçilər, onların yaxınları, şəhid ailələri və eləcə də düşmənin terror hücumları nəticəsində yaxınları həlak olan, dərin sarsıntı keçirən insanlara psixoloji xidmətləri təmin edir.
"Ahəng" Psixoloji İnkişaf və Dəstək İctimai Birliyinin sədri psixoloq Vüsalə Əmiraslanova Modern.az-a açıqlamasında deyib ki, hazırda belə dəstək üçün vətəndaş müraciətinin sayında azalma davam edir:
“Hal-hazırda şəhid və qazi ailələrinə belə psixoloji dəstək davam etdirilir. Bu, həm dövlət xətti ilə həm də özəl təşəbbüslə mümkündür”.
Psixoloq vurğulayıb ki, heç bir yaxın qohumu birbaşa zərər görməmiş şəxslərin müraciəti, demək olar ki, yoxdur. Belə müraciətlər müharibə dövründən sonra 2 il intensiv şəkildə davam etdi və sonra tədricən səngidi:
“Şəhid və qazi ailələrinin müraciətləri isə davam edir. Bəzən qazilər özləri müraciət etməkdən çəkinirlər. Bir çox halda onların yaxın qohumları vəziyyəti bizə bildirirlər. Bu mental xüsusiyyətlə bağlıdır”.
Vüsalə Əmiraslanova bildirib ki, pasientlərin əksəriyyəti qadınlardır:
“Yüzlərlə qazi və şəhid ailəsinə psixoloji dəstək göstərmişik. Heç bir yaxın qohumu birbaşa zərər görməyən mülki şəxslər isə müqayisədə daha az olub (red- bu günə qədər 60-70 nəfər). Psixoloji vəziyyət çəkən insanların arasında bəzən kəskin əziyyət çəkənlər olub. Psixiatra yönəltmişik. İmtina edən şəxslərə seansın davam etdirilməsi məqsədəuyğun hesab edilməyib".
Psixoloq qeyd edib ki, ümumiyyətlə, insanlarda psixologiya dəyişməsi koronavirus pandemiyasından sonra aktivləşib.
"Xalqımız emosional xüsusiyyətə malikdir. Tövsiyə edirəm ki, kəskin reaksiyalardan çəkinsinlər. Lazımsız informasiyalarla beyni yükləmək olmaz. Neqativ söhbətlərdən qorunmaq lazımdır. Vətəndaşlar bilməlidir ki, informasiyaların hamısı doğru deyil. Əhəmiyyətli hissəsi dezinformasiyadır. Bir daha qeyd edirəm nəzərə almaq lazımdır ki pandemiyadan sonra demək olar ki, hamı həssas qrup hesab olunur. Hətta psixoloqların özləri də buna qarşı daimi təkmilləşmə keçir”.