Milli Məclisin sabiq deputatı, Vəhdət Partiyasının keçmiş sədri Tahir Kərimli ilə bağlı müəyyən iddialar yayılıb. Qeyd olunur ki, Tahir Kərimli partiya sədrliyinə geri dönmək istəyir.
Digər məlumata görə, Tahir Kərimlinin səlahiyyətləri partiya daxilində daha genişdir, hətta sədrin səlahiyyətlərindən də üstündür.
Tahir Kərimli hazırda Vəhdət Partiyasının Baş Məclisinin sədri vəzifəsini tutur.
Modern.az-a açıqlamasında Tahir Kərimli səlahiyyətlərinin geniş olduğunu təsdiqləyib.
"Bəli, Baş Məclis sədrinin səlahiyyətləri olduqca genişdir. Deputatlığa, bələdiyyə seçkilərinə, prezidentliyə namizədləri irəli sürə, bundan başqa, istənilən vəzifəli şəxsin istefaya göndərə, hətta partiyadan xaric edə bilər. Yəni Vəhdət Partiyası bir növ "parlamentli respublika"ya oxşayır. Yəni, bu doğrudur ki, Baş Məclisin sədri geniş səlahiyyətlərə malikdir",- deyə o bildirib.
Yenidən partiya sədrliyinə qayıtmağa gəldikdə, T.Kərimli deyib ki, hazırda belə bir niyyəti yoxdur:
“Mənim yenidən Vəhdət Partiyasının sədrliyinə qayıtmaq niyyətim yoxdur. Qurultay beş ildən bir keçirilir. Növbədənkənar qurultay da təyin olunmayıb. Ümumiyyətlə, mən gəncləşmə, inkişaf olsun deyə partiya sədrliyində dəyişikliyin təşəbbüskarı oldum. Gəncləşmə ilə əlaqədar olaraq, hazırda da rayon təşkilatlarının yaradılması tədbirlər keçirilir. Yəni guya mənim yenidən sədr olmaq istəməyimlə bağlı söz-söhbətlərin əsası yoxdur. Əgər mən öz mənafeyimi güdsəydim, özüm olmasam da, qardaşımı və ya övladımı sədrliyə gətirərdim".
Xatırladaq ki, ötən ilin iyun ayında Vəhdət Partiyasının növbədənkənar qurultayı keçirilib. Qurultay zamanı Tahir Kərimli namizəd olmayıb, onun yerinə Adəm Bakuvi sədr seçilib.