Bakı Mühəndislik Universitetində (BMU) 2025/2026-cı tədris ili üzrə universitetə qəbul olunan əcnəbi tələbələrlə görüş keçirilib.
BMU-dan Modern.az-a bildirilib ki, görüşdə çıxış edən rektor Yaqub Piriyev universitetin Strateji İnkişaf Proqramında beynəlmiləlləşmənin prioritet istiqamətlərdən biri olduğunu və son illər bu istiqamətdə məqsədyönlü addımlar atıldığını söyləyib. Diqqətə çatdırıb ki, xarici ali təhsil müəssisələri ilə əməkdaşlıq genişləndirilib, ikili diplom və mübadilə proqramlarının sayı artırılıb, beynəlxalq layihələrdə iştirak gücləndirilib, eyni zamanda, xarici tələbələrin cəlb olunması üçün institusional mexanizmlər formalaşdırılıb.
Rektor qeyd edib ki, hazırda universitetdə 40 ölkədən əcnəbi tələbə təhsil alır və son illər onların sayı ilə yanaşı, coğrafiyası da iki dəfə artıb. Həmçinin bu dinamika universitetin beynəlxalq təhsil məkanında mövqeyinin möhkəmləndiyini göstərir.
“Əcnəbi tələbələr üçün adaptasiya proqramları, akademik məsləhət xidməti, ingilisdilli ixtisasların genişləndirilməsi, beynəlxalq akkreditasiyaların əldə olunması, habelə müasir kampus infrastrukturunun inkişafı da beynəlmiləlləşmə siyasətinin əsas tərkib hissələrindəndir və məqsəd yalnız tələbə sayını artırmaq deyil, həm də multikultural akademik mühit formalaşdırmaqdır”, - deyə rektor bildirib.
Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı proqramı çərçivəsində seçilmiş 34 əcnəbi tələbənin cari tədris ilindən etibarən BMU-da təhsil almağa başladığını önə çəkən Yaqub Piriyev bu təşəbbüsün Azərbaycanın ali təhsil sisteminin beynəlxalq səviyyədə təşviqinə töhfə verdiyini bildirib. Rektor BMU-nun müasir yataqxana komplekslərində əcnəbi tələbələr üçün təhlükəsiz və komfortlu yaşayış şəraitinin yaradıldığını, tələbələrin adaptasiyasını asanlaşdırmaq məqsədilə inzibati və sosial dəstək mexanizmlərinin icra olunduğunu da diqqətə çatdırıb.
Əcnəbi tələbələr çıxışlarında universitetin beynəlxalq əlaqələr üzrə strukturlarının daim onlarla maraqlandığını, eləcə də qaldırdıqları məsələlərin həll olunduğuni bildiriblər. Eyni zamanda, bir sıra təkliflərlə çıxış ediblər.
Sonda Yaqub Piriyev görüşdə irəli sürülən təkliflər, eləcə də əcnəbi tələbələrlə bağlı tələbəyönümlü layihələrin gücləndirilməsi ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verib.