İran İslam Respublikasının ərazisindən Naxçıvan Muxtar Respublikasına bu gün günorta saatlarında dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyib, 2 mülki şəxs xəsarət alıb.
Modern.az-a açıqlama verən hərbi ekspert Rövşən Məhərrəmov bildirib ki, baş verənlər ciddi təxribatdır.
"Təxribat ehtimalı da nəzərdə olmalıdır. Bu, İran mərkəzi hakimiyyətinin nəzarətindən çıxan hansısa qruplaşma tərəfindən törədilə bilər. Səhvən baş vermək ehtimalını da qeyd etmək istəyirəm. Amma bir fakt var ki, hərbi əməliyyatlar Naxçıvan istiqamətində aparılmadığına görə bu hadisənin daha dərin araşdırılması lazımdır”.
Ekspert Azərbaycanın İrandakı hadisələrlə bağlı neytral mövqe tutduğunu xatırladıb.
"Ölkəmiz İranda baş vermiş insan tələfatı və İran Liderinin ölümü ilə bağlı rəsmi başsağlığı verib. Bu hadisə baş verməməli idi. Öncə İran bilməlidir ki İranın özündə milyonlarla azərbaycanlı yaşayır. Onlar digər xalqlar kimi İran hakimiyyətinə hər hansı bir etiraz etməyiblər. Müharibə zamanı hakimiyyətə hansısa əlavə çətinlik yaratmayıblar, əksinə dəstək olublar”.