Samuxda “Azərbaycan sülh və əməkdaşlıq məkanı” mövzusunda tədbir keçirilib.
Modern.az xəbər verir ki, martın 5-də YAP Samux rayon təşkilatının Alıuşağı ərazi partiya təşkilatında “Azərbaycan sülh və əməkdaşlıq məkanı” mövzusunda partiya üzvləri ilə görüş keçirilib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş nitqi ilə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, müasir dövrdə Azərbaycanın həyata keçirdiyi uğurlu siyasət ölkəmizi regionda sülh, sabitlik və əməkdaşlıq məkanına çevirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz beynəlxalq enerji və iqtisadi layihələrdə mühüm tərəfdaş kimi tanınır. Xüsusilə Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci və Yaşıl Enerji Məşvərət Şurasının 4-cü iclasları çərçivəsində dövlət başçısının səsləndirdiyi fikirlər Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunmasında və beynəlxalq əməkdaşlığın genişləndirilməsində mühüm rolunu bir daha nümayiş etdirir. Gündüz Bayramov qeyd edib ki, ölkəmiz təkcə enerji resurslarının ixracatçısı deyil, eyni zamanda regionda dialoq və əməkdaşlığı təşviq edən etibarlı tərəfdaşdır. Bu baxımdan Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələr Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir və ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır.
Daha sonra çıxış edən Alıuşağı ərazi partiya təşkilatının sədri Musa Əsədov və partiya fəalları Mürvət Bağırov, Şəlalə Verdiyeva, Xatirə Əliyeva Azərbaycanın həyata keçirdiyi enerji və iqtisadi layihələrin regionda sabitliyin möhkəmlənməsinə xidmət etdiyini bildiriblər. Qeyd olunub ki, Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlər Azərbaycanın enerji siyasətinin strateji istiqamətlərini və ölkəmizin beynəlxalq əməkdaşlığa verdiyi töhfəni bir daha nümayiş etdirir.
Tədbirin sonunda iştirakçılar Azərbaycanın sülhə, qarşılıqlı etimada və beynəlxalq əməkdaşlığa əsaslanan siyasətinin gələcəkdə də uğurla davam etdiriləcəyinə əminliklərini ifadə ediblər.