İsrail Dövlətinin xarici işlər naziri Gideon Sa"ar Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
Modern.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı regionda artan təhlükəsizlik riskləri, xüsusilə hərbi gərginlik və bunun regional sabitliyə təsirləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov 5 mart 2026-cı il tarixində İran İslam Respublikası tərəfindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisinə qarşı dron hücumları barədə həmkarına məlumat verib. Bu addımın ölkəmizin suverenliyinə və beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu diqqətə çatdırılıb.
İsrail tərəfi bu hücumu pisləyib, onun qəbuledilməz olduğunu qeyd edib və ölkəmizlə həmrəy olduğunu bildirib.
***
18:26
Azərbaycan və İsrail XİN rəhbərlərinin telefon danışığı olub.
Modern.az xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar X hesabında paylaşım edib.
"Dostum, Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla danışdım. İranın Azərbaycana qarşı açıq və qəsdən törədilmiş təcavüzünü qətiyyətlə pislədim. Bu təcavüz həm Azərbaycana, həm də regiondakı digər ölkələrə qarşı tamamilə qəbuledilməzdir və bir daha göstərir ki, İran rejimi ağlı başında deyil və nəzarətsizdir" - o paylaşımında bildirib.
Nazir həmçinin vurğulayıb ki, İsrail məqsədlərinə çatana qədər hərbi əməliyyatlarını davam etdirməyə qərarlıdır.