Modern.az

Azərbaycan istənilən əməliyyatı keçirmək iqtidarındadır! 

Azərbaycan istənilən əməliyyatı keçirmək iqtidarındadır! 

Aktual

Bu gün, 19:17

"Azərbaycan regional aktorlarla hər zaman qonşuluq prinsipinə sadiq qalaraq siyasət yürüdüb. Cənab Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bildirib ki, regional aktorlarla münasibətlərin müsbət istiqamətdə inkişafı xarici siyasətimizin prioritet istiqamətlərindən biridir. Azərbaycan istər İrana, istərsə də beynəlxalq münasibətlər sisteminin bütün aktorlarına qarşı münasibətdə açıq, dürüst, proqnozlaşdırılabilən siyasət ortaya qoyub. Cənab Prezident İlham Əliyevin sözü ilə əməli hər zaman vəhdət təşkil edib.

Biz tarixin bütün mərhələlərində bu cür davranmışıq. Təəssüflər olsun ki, İrandan isə hər zaman arxadan zərbə almışıq".

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin üzvü AzərBadamov bildirib.

O qeyd edib ki, ilk dəfə deyil, İran bizə qarşı terror aktına əl atır. Bundan əvvəl Azərbaycanın Tehrandakı səfirliyinə də terror hücumu olmuşdu:

"İran xüsusi xidmət orqanları tərəfindən təlimatlandırılmış şəxs Azərbaycan vətəndaşlarına qarşı qanlı terror aktı törətmişdi. Yalnız Azərbaycanın qətiyyətli, prinsipial mövqeyi nəticəsində terror aktını törədən şəxsə ən ağır cəza verildi. Çünki Azərbaycan bu işdə sona qədər qətiyyət nümayiş etdirdi. Bu dəfə də Azərbaycan tərəfi eyni yanaşmanı sərgiləyəcək. Naxçıvanın, mülki infrastrukturumuzun, mülki insanların hədəf seçilməsi yolverilməzdir. Necə Azərbaycan etimad göstərilən aktor imicini formalaşdırıbsa, İran da dəfələrlə arxadan zərbə vuran, riyakar dövlət kimi bir neçə dəfə tarixə düşüb.

Zaman-zaman İrandan Azərbaycana qarşı əsassız ittihamlar hətta ən pik səviyyəyə çatırdı. Birbaşa İranın dövlət institutlarının nəzərəti altında olan media qurumları Azərbaycanı ləkələmək yolunu tutmuşdular. İranda yaşayan soydaşlarımızın bizə qarşı fikrini dəyişdirmək, onları manipulyasiya etmək, aranı bulandırmaq üçün dayanmadan çalışırdılar.

Çünki İran əmindir ki, müstəqil və gündən-günə güclənən Azərbaycan dövləti İranda yaşayan azərbaycanlıların ümid və pənah yeridir. Müharibə başlar-başlamaz Azərbaycan mövqeyini bir daha aydın ortaya qoydu. Azərbaycanın dövlət başçısı İranın Azərbaycandakı səfirliyinə gedərək başsağlığı verdi. Bir daha bəyan etdik ki, İrana qarşı hücumlar üçün meydança təqdim etməyəcəyik. Lakin yenə də İran bizə arxadan zərbə vurdu. Halbuki, Azərbaycan heç bir halda qonşu ölkəyə qarşı əməliyyat keçirməyə, onun əleyhinə siyasət yürütməyə imkan verməyib. Bir həqiqət də var ki, biz öz ərazi bütövlüyümüzü hər zaman qətiyyətlə qorumuşuq, bundan sonra da qoruyacağıq. Azərbaycanın göstərdiyi münasibətə bu cür qarşılıq verilməsi yolverilməzdir. Çünki Azərbaycan dövlətinin başçısından savayı heç bir dövlət başçısı İranın səfirliyinə getməyib.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin də bildirdiyi kimi bu cür münasibətə belə cavab vermək heç kimə şərəf gətirməz. Hətta Azərbaycan İrana humanitar yardım göndərməyi də planlaşdırırdı. Bu istiqamətdə Azərbaycan öz maliyyə resursunu da sərf etməyə hazır idi.

Görünür, İran bunu dəyərləndirdi, lakin namərdcəsinə, nakişi kimi. Çirkincə Naxçıvana endirilən zərbə məhz bundan xəbər verir. Azərbaycanın bütün silahlı qüvvələri, xüsusi təyinatlı qüvvələri səfərbəllik vəziyyətinə gətirilib və Azərbaycan dövləti istənilən əməliyyatı keçirmək iqtidarındadır".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Prezidentdən SƏRT ÇIXIŞ - Şərəfsizlər peşman olacaq! Ordumuz hazırdır