Ötən gün Azərbaycanın Naxçıvan Muxtar Respublikası İranın dron hücumuna məruz qalıb. Hadisə zamanı 4 vətəndaşımız xəsarət alıb, Naxçıvanın Hava limanının infrastrukturuna ciddi zərər dəyib.
Azərbaycan Müdafiə Nazirliyi məsələyə dərhal reaksiya verib. Bildirilib ki, baş verən hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür. Azərbaycan Respublikası Müdafiə Nazirliyi ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi, mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün zəruri cavab tədbirləri hazırlayır. Qeyd olunub ki, hücum aktları cavabsız qalmayacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də hücuma reaksiyası sərt olub.
Dünya mediası baş verənləri qəti şəkildə pisləyib. Bir sıra liderlər Prezident İlham Əliyevə zəng edərək, ölkəmizin yanında olduqlarını bildiriblər.
Modern.az hücumla bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) də mövqeyini öyrənməyə çalışıb.
Saytımıza açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Bəxtiyar Nəcəfov Naxçıvana edilən hücuma qurumun etiraz etdiyini və pislədiyini söyləyib:
“Təbii ki, Naxçıvana dünənki hücum qəbuledilməz hadisədir. Hücuma vətəndaş olaraq, icma olaraq etirazımızı bldiririk. Qafqaz Müsəlmanları İdarəsi də öz etirazını bildirir və bu hücumu pisləyir. Ötən gün cənab Prezidentin çıxışında da dediyi kimi, tezliklə bu hücumu təşkil edən cinayətkarların cəzlanmasını istəyirik. Belə hadisələrin bir daha olmaması, qonşuluq hüquqlarının qorunmasını istəyirik".