Modern.az

İranın Naxçıvana dron hücumu: 20-dən çox ölkə Azərbaycana dəstək verdi

İranın Naxçıvana dron hücumu: 20-dən çox ölkə Azərbaycana dəstək verdi

Aktual

Bu gün, 10:32

Martın 5-də İran ərazisindən buraxıldığı bildirilən pilotsuz uçuş aparatlarının Azərbaycanın Naxçıvan Muxtar Respublikasında mülki infrastrukturu hədəfə alması beynəlxalq səviyyədə ciddi reaksiyalara səbəb olub.

Belə ki, İran ərazisindən uçduğu bildirilən dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının binasına zərər vurub, digəri isə Babək rayonunun Şəkərabad kənd tam orta məktəbinin yaxınlığına düşərək partlayıb. Hadisə nəticəsində 4 mülki şəxs xəsarət alıb.

Azərbaycan Xarici İşlər Nazirliyi hadisə ilə bağlı bəyanat yayaraq İran İslam Respublikasından qısa müddətdə məsələyə aydınlıq gətirilməsini, izahat verilməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsini tələb edib.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi isə hərbi zərurət olmadan İran silahlı qüvvələri tərəfindən ölkəmizin ərazisində mülki infrastruktura qarşı həyata keçirilən hücumları qətiyyətlə pislədiyini bildirib. Nazirliyin açıqlamasında qeyd olunub ki, baş verən hadisəyə görə məsuliyyət İranın üzərinə düşür və bu cür hücumlar cavabsız qalmayacaq.

Hadisədən sonra bir sıra ölkələr və beynəlxalq aktorlar hücumu pisləyərək Azərbaycanın ərazi bütövlüyünə və təhlükəsizliyinə dəstəklərini ifadə ediblər.

Modern.az İranın Azərbaycana qarşı dron hücumunu pisləyən ölkələrin siyahısını təqdim edir:

- Türkiyə

- Fransa

- Qazaxıstan

- Ukrayna

- İordaniya

- Küveyt

- İsrail

- Böyük Britaniya

- Səudiyyə Ərəbistanı

- Latviya

- Gürcüstan

- Moldova

- Qətər

- Estoniya

- Suriya

- Niderland

- Belçika

- Litva

- Monteneqro

- İtaliya

- İspaniya

- Misir

Məlumat üçün bildirək ki, Azərbaycan tərəfi hücumla bağlı İrana rəsmi etiraz notası təqdim edib və baş verənləri beynəlxalq hüququn norma və prinsiplərinin pozulması kimi qiymətləndirib. Tehran isə öz növbəsində hücumda iştirakını rəsmən inkar edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Üçüncü dünya müharibəsi başladı - Azərbaycan da qoşulur? - Xəbəriniz Var?