Modern.az

AMEA-dan İrana mesaj: Bu hücum ağlasığmazdır

AMEA-dan İrana mesaj: Bu hücum ağlasığmazdır

Aktual

Bu gün, 12:51

Martın 5-də İran ərazisindən uçduğu bildirilən pilotsuz uçuş aparatları Naxçıvan Muxtar Respublikasında mülki infrastrukturu hədəfə alıb. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının binasına zərər vurub, digəri isə Babək rayonunun Şəkərabad kənd tam orta məktəbinin yaxınlığına düşərək partlayıb və nəticədə 4 mülki şəxs xəsarət alıb.

Hadisədən sonra bir sıra ölkələr və beynəlxalq aktorlar da hücumu pisləyərək Azərbaycanın ərazi bütövlüyünə və təhlükəsizliyinə dəstəklərini ifadə ediblər.

Modern.az İran tərəfinin mülki infrastrukturu hədəfə alması ilə əlaqədar olaraq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun da mövqeyini öyrənməyə çalışıb.

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri Elnur Mustafayev İnstitutun hadisəni beynəlxalq hüquqa zidd addım kimi qiymətləndirərək kəskin şəkildə pislədiyini qeyd edib:

“Bu, bütün beynəlxalq hüquq normalarına zidd olan bir addımdır. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan və İran İslam Respublikası həm qonşu, həm də tarixi bağları olan dövlətlərdir. Buna baxmayaraq, heç bir norma gözlənilmədən Azərbaycana qarşı yönəlmiş bu hücum qətiyyətlə qəbuledilməz və ağlasığmazdır.

İran tərəfi bu addımına görə Azərbaycan dövlətindən və xalqından birmənalı şəkildə üzr istəməlidir. Prezident İlham Əliyevin dünən keçirdiyi Təhlükəsizlik Şurasının iclasında da bu məsələ ilə bağlı ətraflı mövqe ifadə olunub. Ümid edirik ki, İran tərəfi məsələyə diqqətlə yanaşacaq və Azərbaycana qarşı yönəlmiş bütün təxribat və təhdidlərə son qoyulacaq”.

E.Mustafayev onu da nəzərə çatdırıb ki, əks təqdirdə, bu cür addımların nəticələri İran dövləti üçün də yaxşı heç nə vəd etmir:

"Naxçıvan Beynəlxalq Hava Limanına, eləcə də Babək rayonunun Şəkərabad kəndinə edilən hücum qətiyyətlə qəbuledilməz olmaqla yanaşı, eyni zamanda bu, böyük bir cinayət və terror aktıdır. Azərbaycan dövlətinə və xalqına qarşı yönəlmiş addımdır.

Şərqşünaslıq İnstitutu olaraq bu hadisəni qətiyyətlə pisləyir və ümid edirik ki, bu cinayətdə əli olan şəxslər tezliklə müəyyən edilərək cəzalandırılacaqlar. Belə hadisələr Azərbaycan-İran münasibətlərinə xələl gətirir və münasibətlərin pozulmasına səbəb ola bilər. Hesab edirik ki, bu təxribatın arxasında duranlar müəyyənləşdirilməli və layiqli cavablarını almalıdırlar. Bu cür təxribatlara son qoyulmalıdır.

Əks halda, qonşu dövlətlərlə - istər Azərbaycan, istər Türkiyə, istərsə də digər ölkələrlə münasibətlərə zərbə vuran bu addımlar İran dövləti və xalqı üçün heç də yaxşı olmayacaq”.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat yayaraq İran İslam Respublikasından qısa müddət ərzində məsələyə aydınlıq gətirilməsini, izahat verilməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsini tələb edib.

Azərbaycan Müdafiə Nazirliyi isə hərbi zərurət olmadan İran silahlı qüvvələri tərəfindən ölkəmizin ərazisində mülki infrastruktura qarşı həyata keçirilən hücumları qətiyyətlə pislədiyini bildirib. Nazirliyin açıqlamasında qeyd olunub ki, baş verən hadisəyə görə məsuliyyət İran tərəfinin üzərinə düşür və bu cür hücumlar cavabsız qalmayacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran sərhədimizə QOŞUN YIĞIR - Sepah hərəkətə keçdi - Gündəm Masada