Modern.az

Sol zolaqla hərəkət edən sürücülərin nəzərinə! - VİDEO

Sol zolaqla hərəkət edən sürücülərin nəzərinə! - VİDEO

Aktual

Bu gün, 09:28

“Yol hərəkəti haqqında” Qanunun 49-cu maddəsinə əsasən, nəqliyyat vasitələrinin sürücüləri normal hərəkət zamanı vəziyyətdən asılı olaraq, yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər. Yaşayış məntəqələrindən kənarda, habelə yaşayış məntəqələrində 5.1 (avtomagistral) və ya 5.3 (avtomobil yolu) nişanları ilə işarələnmiş yolun hərəkət hissəsində hərəkət istiqamətində sağ zolaq boş olduğu halda sol zolaqlarla hərəkət etmək qadağandır.

Modern.az xəbər verir ki, bu barədə məlumat Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin zolaqlarda hərəkətlə bağlı sürücülərə müraciətində əks olunub.

"Ancaq təəssüflər olsun ki, paytaxt yollarında sağ zolaq boş olduğu halda sol zolaqda hərəkət edən bir çox sürücülərə rast gəlinir. Bununla yanaşı, nəqliyyat vasitələrinin bütün hərəkət zolaqlarını tutduqları intensiv hərəkət vaxtı bəzi sürücülərin faraların uzaq işıqlarını ardıcıl şəkildə yandırıb-söndürərək yol tələb etməsi, nəqliyyat vasitəsini sürətlə sürməsi və düzgün ara məsafəsi saxlamaması halları da tez-tez müşahidə edilir. Belə hallar daha çox paytaxtın üç və daha çox hərəkət zolağı olan - Aeroport şosesi, Heydər Əliyev, Ziya Bünyadov prospektləri, Bakı-Sumqayıt şosesi və digər əsas yollarında olur.

Bununla mənzil başına daha tez çatacaqlarını düşünən belə sürücülər radara yaxınlaşdıqda qəfil sürəti azaltmaqla yanaşı, düzgün ara məsafəsi saxlamadıqlarından qəzalar baş verir. Eyni zamanda sürücülərin bu cür davranışları həmin zolaqda hərəkətdə olan digər sürücüləri təşvişə salır, onlar qəfil manevrlər etmək məcburiyyətində qalırlar. Bu tip sürücülər nədənsə elə düşünürlər ki, sol zolaqda hərəkət edən digər sürücülər onlara mütləq yol vermək məcburiyyətindədir.

Lakin Qanunda qeyd olunub ki, yalnız operativ nəqliyyat vasitələri üstün keçid hüququna malikdir və onlar yaxınlaşdığı zaman zolağın boşaldılması tələb olunur. Hətta bu nəqliyyat vasitələri üstün hərəkət rejimindən istifadə edərkən xüsusi işıq və səs siqnallarını qoşmalıdır. Digər sürücülərin isə belə bir üstünlük hüququ yoxdur.

Qanunun tələbinə əsasən, nəqliyyat vasitələrinin sürücüləri intensiv hərəkət vaxtı yalnız sola və ya sağa dönmək, ötməyə hazırlaşmaq, hərəkəti düzünə istiqamətdə davam etdirmək, dayanacağa və ya duracağa çıxmaq üçün olduqları hərəkət zolağını qaydalara əməl etməklə dəyişə bilərlər.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə yollarda hərəkət edərkən sağ zolaqlara üstünlük vermələrini, zəruri hallar üçün sol zolaqları boş saxlamalarını tövsiyə edir", - müraciətdə bildirilir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Xameneinin oğluyla bağlı XƏBƏRDARLIQ - Ona bir şey olsa...