Bu gün Azərbaycanda Qızıl Aypara Günüdür.
Modern.az-ın məlumatına görə, bu münasibətlə martın 10-da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov, Cəmiyyətin əməkdaşları və könüllüləri Fəxri xiyabanı ziyarət ediblər. Ziyarət zamanı Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoyulub, əziz xatirəsi dərin ehtiram və minnətdarlıqla yad edilib.
Tədbir iştirakçıları Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkənin sosial-iqtisadi inkişafı, beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tarixi xidmətlərini xüsusi qeyd edərək onun zəngin siyasi irsinin bu gün də Azərbaycanın inkişaf yolunda mühüm istiqamətverici rol oynadığını vurğulayıblar.
Daha sonra tədbir iştirakçıları Əliağa Şıxlinskinin məzarını ziyarət edərək onun xatirəsini ehtiramla anıblar. Qeyd olunub ki, general Əliağa Şıxlinski Azərbaycan hərb tarixinin ən görkəmli nümayəndələrindən biri olmaqla yanaşı, ölkəmizdə humanitar ideyaların və xeyriyyəçilik ənənələrinin formalaşmasına da mühüm töhfələr vermiş şəxsiyyətlərdən biridir.
Ziyarət mərasimindən sonra tədbir Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş ofisində davam etdirilib. Burada Cəmiyyətin yaradılmasının ildönümü münasibətilə Novruz Aslanovun müəllifi olduğu “105 il sizinlə” adlı kitabın təqdimatı keçirilib. Təqdimat mərasimində çıxış edən Novruz Aslanov kitabın hazırlanması ideyası, məzmunu və əhəmiyyəti haqqında geniş məlumat verib. Qeyd olunub ki, nəşrdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 105 illik fəaliyyət tarixi, təşkilatın formalaşma mərhələləri, ölkənin müxtəlif dövrlərində həyata keçirdiyi humanitar layihələr, sosial proqramlar və beynəlxalq əməkdaşlıq istiqamətində görülən işlər ətraflı şəkildə əksini tapıb. Kitabda həmçinin təşkilatın könüllülük hərəkatının inkişafı, fövqəladə hallarda əhaliyə göstərilən yardım, sosial həssas qruplara dəstək layihələri və digər mühüm fəaliyyət istiqamətləri barədə məlumatlar yer alır.
Çıxış zamanı vurğulanıb ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti fəaliyyət göstərdiyi illər ərzində ölkədə humanitar dəyərlərin təşviqi, ehtiyacı olan insanlara yardımın göstərilməsi, könüllülük fəaliyyətinin inkişafı və beynəlxalq humanitar prinsiplərin təbliği istiqamətində ardıcıl və sistemli iş aparıb.
Tədbirdə həmçinin Cəmiyyətin vitse-prezidentləri Qafar Əsgərzadə və Rövşən Əliyev, icraçı katib Ceyhun Mirzəyev və icraçı katibin müavini Elşən Səlimzadə çıxış ediblər. Onlar öz çıxışlarında təşkilatın ölkədə humanitar fəaliyyətin inkişafına verdiyi töhfələrdən, həyata keçirilən sosial layihələrdən və gələcək fəaliyyət istiqamətlərindən bəhs ediblər.
Çıxışlarda qeyd olunub ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu gün də cəmiyyətin müxtəlif təbəqələrinə humanitar yardım göstərmək, könüllülük hərəkatını daha da genişləndirmək və humanitar dəyərlərin təbliğini gücləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Təşkilatın qarşıdakı dövrdə də ölkə daxilində və beynəlxalq səviyyədə humanitar təşəbbüslərin həyata keçirilməsində fəal iştirak edəcəyi bildirilib.
Tədbirin sonunda iştirakçılar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətinin gələcəkdə də daha da genişlənəcəyinə, humanitar dəyərlərin və həmrəylik ənənələrinin cəmiyyətdə daha geniş yayılmasına mühüm töhfə verəcəyinə əminliklərini ifadə ediblər.