Keçmiş müstəntiq, yazıçı Müşfiq Abbasov 15 sutkalıq inzibati həbs cəzasını başa vuraraq azadlığa çıxıb.
Modern.az xəbər verir ki, o, həbsilə bağlı açıqlama yayıb.
“Artıq azadlıqdayam. Mənə görə narahat qalan insanlara ürəkdən təşəkkür edirəm. Saxlanma şəraitimdən razıyam, səhhətim də qaydasındadır.
Əvvəla, bildirirəm ki, mən özümü hansısa inzibati hüquq pozuntusunda təqsirli bilməmişəm və heç bir statusumda (sosial şəbəkədə yazdıqları-red.) qanunu pozmamışam.
İkincisi, əgər kimsə mənim hansısa statusumu hesab edibsə ki, dövlət maraqlarına ziddir, mənə deyilsə, həmin statusu silərdim. Çünki, mən daim dövlətimin yanında olmuşam. Bunun üçün inzibati həbsə ehtiyac yox idi.
15 günlük həbs müddətinə gəldikdə, Əmir Teymurun belə bir sözü var. O, deyirdi ki, insandan çıxan çirkli qan bəzən onun şüurunu daha da aydınlaşdırır. Bu 15 günü çirkli qan kimi qəbul edirəm və hesab edirəm ki, bu günlər mənim bəsirətimi bir az da açdı və daha aydın görməyimə vəsilə oldu. Mən dövlətimi və millətimi sevirəm. Nəinki 15 gün azadlığım, bütün həyatım Azərbaycana fəda olsun”, - M.Abbasov bildirib.
Xatırladaq ki, M.Abbasov 15 fevralda həbs edilmişdi.
Baş Prokurorluğun onunla bağlı məlumatında bildirilib ki, Müşfiq Abbasov barədə Cinayət təqibindən kənar icraatlar idarəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə) inzibati xəta haqqında iş üzrə icraat başlanıb. Daha sonra iş baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə onin barəsində 15 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri seçilib.