"İkinci Qarabağ müharibəsi zamanı məlum oldu ki, xarici sosial şəbəklərə giriş məhdudlaşdırıldı. Vətəndaşlar qaydaları pozdu, “VPN”-dən istifadə edildi. İnformasiya təhlükəsizliyi baxımından bu zəruri addım idi. Lakin çatışmazlıq ondan irəli gəlir ki, öz rəqəmsal platformalarımız yoxdur".
Bu sözləri Modern.az-a açıqlamasında Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov deyib.

O qeyd edib ki, 2007-2025-ci illərdə fəaliyyət göstərmiş Video.az videopaylaşım portalı Azərbaycanda xüsusi əhəmiyyətə malik idi. Portalda hesab açmaq, video yerləşdirməklə yanaşı ötən dövr üçün kifayət qədər müasir hesab edilən “video stream” imkanı yaradılmışdı:
"Resursun davamlı xərc yükünün müqabilində qazanc qənaətbəxş olmadı. Kənar maddi dəstək də göstərilmədiyi üçün dayandırıldı. Milli İnternet Resursları yaratmaq fikrimiz varsa, nəinki belə portallar həmçinin elektron ünvan sonluğu, eləcə də digər xarici sosial şəbəkələrə alternativlər və data baza yaradılmalıdır".
O qeyd edib ki, bu sahədə müvafiq dövlət qurumlarının öhdəsinə əsas vəzifə düşür:
“Özəl sektorun portal təsis etməsinə maddi dəstək vermək və sonrakı bazar münasibətlərini yaratmaq üçün davamlı iqtisadi mühiti təmin etmək”.
Mütəxəssis qeyd edib ki, təsis etmə və idarəçilik birmənalı şəkildə özəl sektorun ixtiyarında olmalıdır ki, vətəndaşlar sərbəst şəkildə paylaşım edə bilsinlər:
"Həmçinin dövlət təşkilatları yerli internet resurslarına öz qurumlarının təbliğatı üçün videoçarxlar təqdim edə bilər ki, bu da sosial layihə kimi uğurlu hesab olunar. Bunu xarici sosial şəbəkələrə alternativ olaraq formalaşdırmaq olar".
Ekspert qeyd edib ki, gələcəkdə Video.az kimi yerli şəbəkələrin yaranması hələ real görünmür.