Modern.az

Bizim “Gaudeamus Igıtur” - AZİİ HİMNİ

Aktual

Bu gün, 17:56

Bu gün rəsmi adı Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) olsa da, zamanın sınağından keçmiş bir ad hələ də xalqın yaddaşında və dilində yaşayır: Azİİ. Rus dilindəki “Азербайджанский Индустриальный Институт” adının abreviaturası olan bu qısaltma tələffüzdə daha doğma və səmimi bir şəkil alaraq "Azi"yə çevrilib. Bir çox məzunları kimi mən də doğma təhsil ocağımı "Azi" adlandırıram; çünki bu ad bizim Alma-Materimizə xüsusi bir ağayanlıq və ağırlıq qatır. Azi sadəcə bir universitet deyil, ölkəmiz üçün fədakar əməkçilər ordusu yetişdirən nəhəng bir məktəbdir.

Azərbaycan üçün adi bir təhsil ocağından qat-qat artıq məna kəsb edən bu institut, ölkənin son 100 illik iqtisadi, elmi və siyasi tarixinin onurğa sütunudur. Onun milli dövlətçiliyimiz və sənayemiz üçün daşıdığı əhəmiyyəti dörd əsas istiqamətdə ümumiləşdirmək olar:

1. “Qara Qızıl”ın İntellektual Mərkəzi

Azərbaycanın taleyi neftlə bağlıdırsa, həmin nefti çıxaran, emal edən və onu ölkənin milli sərvətinə çevirən beyinlər məhz Azİİ-nin yetirmələridir. SSRİ-də və bütün Şərqdə neft sahəsi üzrə ixtisaslaşmış ilk ali məktəb olan bu institut, həm də qlobal bir "kadr bankı" funksiyasını yerinə yetirib. Təkcə Azərbaycanın deyil, Vyetnamdan tutmuş Əlcəzairə qədər dünyanın onlarla ölkəsinin neft sənayesinin təməlləri məhz bu universitetin məzunları tərəfindən qoyulub.

2. Brend və Prestijin Rəmzi

Bir vaxtlar "Azİİ" adı bütün SSRİ-də və dünyada mühəndislik keyfiyyətinin əsas möhürü hesab olunurdu. Bu universitetin diplomu dünyanın istənilən nöqtəsində yüksək texniki savadın zəmanəti kimi qəbul edilirdi. Azərbaycanın mühəndislik düşüncəsinin formalaşdığı bu əsas ocaq, bu gün də öz nüfuzunu qoruyur. Yaşlı və orta nəsil arasında "Azİİ məzunu" olmaq hələ də "texniki elitaya" mənsubluğun göstəricisidir.

3. Tarixi və Siyasi Onurğa Sütunu

ADNSU həm də Azərbaycanın dövlət idarəçiliyində müstəsna rol oynamış şəxsiyyətlər pleyadası yetişdirib. Müasir Azərbaycanın memarı və görkəmli dövlət xadimi Heydər Əliyev məhz o vaxtkı Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil alaraq öz intellektual təməllərini burada qoyub. Universitetin yetişdirdiyi çoxsaylı dövlət xadimləri, nazirlər və iri sənaye rəhbərləri bu "məktəbin" idarəçilik ənənələrini bütün ölkəyə yayıblar.

4. Elm və İnnovasiya Ocağı

Azərbaycan Milli Elmlər Akademiyasının bir çox aparıcı institutları və texniki elmi məktəbləri öz başlanğıcını məhz Azinin laboratoriya və kafedralarından götürüb. Dünya neft sənayesinin möcüzələrindən sayılan, açıq dənizdə ilk dəfə neft çıxarılması ideyası və bu ideyanın şah əsəri olan Neft Daşları məhz bu universitetin alimlərinin və məzunlarının gərgin əməyinin, parlaq zəkasının məhsuludur.

***

Azi Azərbaycan üçün “İndustrial İntibah”ın rəmzidir. O, ölkəni aqrar cəmiyyətdən mühəndis və sənaye cəmiyyətinə keçirən körpüdür. Bu gün “Neft-Kimya” və ya “Azİİ” dedikdə, azərbaycanlıların ağlına ölkənin iqtisadi müstəqilliyini quran nəhəng bir irs gəlir...

Bu yaxınlarda bizim institutun himni yazılıb. “Azİİ Himni”nin sözlərini və musiqisini Gulshen Rafiqqizi yazıb. Gülşən xanım görkəmli elm xadimimiz, Azərbaycan Texniki Universitetinin keçmiş rektoru, professor Rafiq Mehdiyevin (1936-2025) qızıdır. Belə bir elm ocağında yetişmiş, texnika elmləri namizədi Gülşən Rafiqqızı bu himni ərsəyə gətirməklə Avropa və Amerikadakı bir ənənənin Azərbaycanda da yaradılmasında böyük bir işə imza atıb.

Qərbin aparıcı universitetlərinin məzuniyyət tədbirlərində latınca “Gaudeamus Igitur” səslənir. Bu universitetlərdə himnin olması sadəcə bir musiqi seçimi deyil, çox dərin tarixi, fəlsəfi və “korporativ” köklərə malik bir ənənədir. Bu ənənənin mərkəzində isə məşhur “Gaudeamus Igitur” dayanır.

Orta Əsr Mirası və Akademik Azadlıq

Avropa universitetlərinin çoxu (məsələn: Boloniya, Oksford, Paris) orta əsrlərdə yaranıb. O dövrdə universitetlər kilsə və dövlət qarşısında müəyyən bir muxtariyyətə malik idilər. Himn bu “akademik toxunulmazlığı” və birliyi simvolizə edirdi. Tələbələr və professorlar himn oxuyarkən özlərini ayrı bir “elm klanı”nın üzvü kimi hiss edirdilər.

“Gaudeamus Igitur” əksər Avropa universitetlərinin ortaq himni sayılır. Mənası “Gəlin sevinək, nə qədər ki gənciyik” olan bu himn tələbə ruhunun təcəssümü və bir az da üsyan və həyat eşqi dolu bir mahnıdır. Mahnı ömrün qısa olduğunu, elmin əbədiyyətini vurğulamaqla gəncliyin də dadını çıxarmağın vacibliyini deyir. Himnlər fərqli ölkələrdən, fərqli sosial təbəqələrdən gələn tələbələri bir tavan altında birləşdirən ortaq bir marşdır.

Təhsil sistemində məzuniyyət və ya açılış mərasimləri müqəddəs rituallar kimi qəbul edilir. İndi “Azİİ Himni” ilə bizim ali məktəbin də öz təntənəsi və ritual mədəniyyəti var. Artıq bizim də dünya mühəndislik və elm ailəsinə daxil olmaq üçün öz himnimiz var.

Arzu edirəm ki, “Azİİ Himni”ni də “Gaudeamus Igitur” kimi əsrlər boyu yaşasın....

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Şok iddia! Putin Xameneini Ö*LÜMDƏN QURTARDI - Moskvaya qaçdı