Ötən gün İctimai Televiziya tərəfindən yayımlanan məlumat cəmiyyətdə ciddi rezonans doğurub. Məlumata görə, şantaj fəaliyyəti ilə məşğul olan şəxs ifşa edilib. Araşdırmalar nəticəsində Alena Əliyevaya qarşı aparılan kampaniyanın tamamilə yalan və məqsədli şəkildə qurulduğu üzə çıxıb.
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisə ilə bağlı artıq bir nəfərin saxlanıldığı bildirilir. Saxlanılan şəxs istintaqa ifadə verərək mühüm məqamları etiraf edib. Onun sözlərinə görə, həmin videomaterial ona xaricdə yaşayan və Azərbaycana qarşı daim düşmən mövqe sərgiləyən şəxslərə yaxın olan insanlar tərəfindən təqdim olunub. Həmin materialı ona Qabil Məmmədov və Mehman Hüseynova yaxın adamlar, Məmmədzəki Səlimov və Elman Əliyev ötürüb. Məsələ ilə bağlı ictimaiyyət nümayəndələri də öz münasibətlərini bildiriblər.
Azərbaycan Yazıçılar Birliyinin sədri Anar bildirib ki, bu cür hərəkətlər qəti şəkildə yolverilməzdir. Əslində bu, bütün ölkə əhalisinə qarşı təxribatdır: “Bu addımı atanlar dövlətin dostu deyirlər, onlar düşmən hərəkətləri edirlər. İnsanların təhqirolunması yolverilməzdir, bu addımı atan şəxslər məsuliyyətə cəlb olunmalıdır. Heç kimi təhqir etmək olmaz. Təhqir edən məsuliyyətini daşımalı, cəzasını almalıdır. Xüsusilə də dövlər rəmzi olan Prezidentə, onun ailəsinə qarşı addım atan şəxslər cəzasız qalmamalıdır”.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyev baş verənləri qəti şəkildə pisləyib. O, bu cür halların yolverilməz olduğunu vurğulayaraq bildirib ki, belə əməllər cəmiyyət üçün ciddi təhlükə yaradır. Onun sözlərinə görə, şantaj və böhtan kimi yaramaz hərəkətlər törədən şəxslər qanun qarşısında mütləq cavab verməlidirlər.
Eldar Quliyev qeyd edib ki, bu kimi addımlar milli adət-ənənələrimizə və xalqımıza xas olan dəyərlərə tamamilə ziddir. O, bütün vətəndaşları bu cür hallara qarşı barışmaz mövqe nümayiş etdirməyə çağırıb. Sədr həmçinin vurğulayıb ki, əxlaqı və düşüncəsi sağlam olan heç bir azərbaycanlı belə iyrənc əməllərlə məşğul ola bilməz.
Eldar Quliyev xüsusilə qadınlara qarşı bu cür kampaniyaların aparılmasını kəskin tənqid edib. O bildirib ki, hər bir qadın kiminsə övladı, bacısı, anası və ya həyat yoldaşıdır. Bu baxımdan, belə məsələlərdə daha həssas və məsuliyyətli yanaşma sərgilənməlidir. Onun fikrincə, cəmiyyət olaraq bu cür hallara qarşı həm hüquqi, həm də mənəvi mübarizə aparmaq vacibdir.
Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Eldar İbrahimov da məsələyə münasibət bildirib. O qeyd edib ki, bu cür əməllərə yol verən şəxslər ən ağır maddələrlə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Eldar İbrahimov bu insanların əməllərini sərt şəkildə qınayaraq onların cəmiyyət üçün təhlükəli olduğunu bildirib. Onun sözlərinə görə, belə şəxslərin milli kimliyi yoxdur və onlar Azərbaycan xalqına üz qarasıdırlar. O əlavə edib ki, bir xanıma qarşı internet resurslarında şantaj xarakterli materialların yayılması həm iyrənc, həm də alçaq hərəkətdir.
Mütəxəssislər hesab edirlər ki, bu cür hadisələr informasiya təhlükəsizliyi məsələlərini bir daha gündəmə gətirir. Sosial şəbəkələr və müxtəlif platformalar vasitəsilə yayılan saxta məlumatlar cəmiyyətə ciddi zərər vurur. Bu baxımdan, hüquq-mühafizə orqanlarının operativ fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, vətəndaşların da məlumatlı və diqqətli olması vacibdir. Cəmiyyət olaraq dezinformasiyaya qarşı birgə mübarizə aparılmalıdır. Bu kimi halların qarşısının alınması üçün həm hüquqi mexanizmlər gücləndirilməli, həm də maarifləndirmə işləri genişləndirilməlidir.
Baş verən hadisə bir daha göstərir ki, şantaj və böhtan yolu ilə kimlərinsə nüfuzuna xələl gətirməyə çalışanlar gec-tez ifşa olunurlar. Qanun qarşısında hər kəs bərabərdir və heç kim məsuliyyətdən kənarda qala bilməz. Cəmiyyət isə bu kimi hallara qarşı qəti və prinsipial mövqe nümayiş etdirməlidir.