Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun Qədimkənd kəndinin sakinləri ilə keçirib.
Modern.az səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İlk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.
Səyyar qəbul zamanı Aşağı Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, kəndin sosial-iqtisadi vəziyyəti, əhalinin məşğulluq durumu, infrastruktur təminatı və 2025-ci il ərzində kənd ərazisində həyata keçirilən abadlıq- quruculuq işləri haqqında iştirakçılara ətraflı hesabat təqdim edib.
Çıxış edən natiqlər “Rəqəmsal arxitektura Azərbaycanın yeni inkişaf modelidir” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər.
Bildirilib ki, Rəqəmsal arxitektura Azərbaycanın yeni inkişaf modelinin mühüm və strateji istiqamətlərindən biri kimi formalaşıb. Bu yanaşma ölkənin idarəetmə sistemində, iqtisadi strukturunda və ictimai həyatında keyfiyyətcə yeni mərhələnin başlanğıcını ifadə edir. Rəqəmsal arxitektura müasir informasiya-kommunikasiya texnologiyalarının, o cümlədən süni intellekt, bulud texnologiyaları və əşyaların interneti kimi innovativ həllərin tətbiqi ilə dövlət və özəl sektorun fəaliyyətinin daha çevik, səmərəli və şəffaf şəkildə təşkilini nəzərdə tutur. Bu model çərçivəsində elektron hökumət xidmətlərinin genişləndirilməsi və rəqəmsal platformaların inkişafı xüsusi əhəmiyyət daşıyır.
Dövlət xidmətlərinin rəqəmsallaşdırılması vətəndaşların vaxt itkisinin azalmasına, xidmətlərə əlçatanlığın artmasına və korrupsiya risklərinin minimuma endirilməsinə xidmət edir. Eyni zamanda “bir pəncərə” prinsipi əsasında təqdim olunan xidmətlər idarəetmədə operativliyi və effektivliyi artırır.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında qeyd edib ki, müasir dövrdə rəqəmsallaşma və innovativ yanaşmalar dövlət idarəçiliyinin, iqtisadiyyatın və sosial həyatın bütün sahələrində əsas prioritetlərdən birinə çevrilib.
Respublikamızda həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində rəqəmsal arxitektura ölkənin yeni inkişaf modelinin mühüm tərkib hissəsi kimi formalaşmaqdadır. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası bu gün də uğurla davam etdirilərək müasir tələblərə uyğun şəkildə zənginləşdirilir. Ulu Öndərin dövlət quruculuğu sahəsində yaratdığı möhkəm təməl informasiya texnologiyalarının inkişafı və innovasiyaların tətbiqi üçün əlverişli zəmin yaradıb.
RİH-in başçısı bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə rəqəmsal transformasiya istiqamətində genişmiqyaslı islahatlar həyata keçirilir. Dövlət xidmətlərinin elektronlaşdırılması, “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin icrası, innovasiya ekosisteminin inkişafı və süni intellekt texnologiyalarının tətbiqi bu siyasətin əsas istiqamətlərindəndir. Bütün bunlar vətəndaş məmnunluğunun artırılmasına, şəffaflığın təmin olunmasına və iqtisadi səmərəliliyin yüksəldilməsinə xidmət edir.
Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən də bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir, yerli səviyyədə rəqəmsal xidmətlərin genişləndirilməsi, idarəetmədə müasir texnologiyaların tətbiqi və əhalinin rəqəmsal bacarıqlarının artırılması daim diqqət mərkəzində saxlanılır. Qeyd olunanlar bir daha göstərir ki, rəqəmsal arxitektura Azərbaycanın davamlı və dayanıqlı inkişafının əsas sütunlarından biri kimi çıxış edir və ölkənin gələcək inkişaf modelində mühüm rol oynayacaqdır.
RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı ciddi tapşırıqlar verdiyini vurğulayıb. Həmçinin, Azərbaycan xalqının haqqının bərpa olunması və Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi mövqeyin tarixçilər və hüquqşünaslar üçün ciddi vəzifələr qoyduğunu qeyd edib.
Neftçala RİH-in başçısı, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.
Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən kənddaxili yolun təmiri, Neftçala-Salyan magistral avtomobil yoluna sürət həddini ölçən qurğuların quraşdırılması və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlər hər bir müraciət üzrə ayrı-ayrılıqda dinlənilib, ətraflı şəkildə müzakirə olunub və onların həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" //rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.
.jpeg)
.jpeg)
.jpeg)
