Modern.az

“Təsir dairəsi”nin arxasındakı adamı qulağından tutub cəzalandırmalıdırlar!

“Təsir dairəsi”nin arxasındakı adamı qulağından tutub cəzalandırmalıdırlar!

Aktual

Bu gün, 14:20

Azərbaycan teleməkanındakı bayağı verilişlərin bağlanması gündəmin ən çox müzakirə olunan mövzularındandır. Geniş auditoriya toplamasına baxmayaraq, məzmun və səviyyə baxımından tez-tez tənqid olunan ATV-nin “Bizimləsən” və “Rəngarəng”, ARB-nin “Səni axtarıram” və "Həmin Zaur" verilişləri artıq qapadılıb.

Lakin eyni silsilədən olan və fəaliyyəti dayandırılmayan bir neçə televiziya layihəsinə toxunulmayıb və onlar fəaliyytinə davam etməkdədir.

Bu sırada ən çox adı çəkilən veriliş isə "Xəzər" TV-də yayımlanan “Təsir dairəsi”dir.

Maraqlıdır, ümumi qərar fonunda “Təsir dairəsi”nin fəaliyyətini hələ davam etdirməsinin səbəbi nədir və verilişin arxasında hansısa məmur dayanırmı?

Məsələ ilə bağlı Modern.az-a danışan media eksperti Azər Həsrət özəl televiziya kanallarının özlərinin informasiya siyasətinə yenidən baxmalarını və efirlərindən bayağı verilişləri çıxarmalarını müsbət hadisə kimi dəyərləndirib. Bununla belə, o, "Xəzər" televiziyasında aparıcı Lalə Azərtaşın təqdimatında hələ də fəaliyyət göstərən “Təsir dairəsi” layihəsinin də bağlanmasını istəyib. 

“Lalə Azərtaş ilk növbədə xəbər aparıcısı kimi tanınıb və kifayət qədər xarizmatik aparıcı olub. İndi isə verilişin üslubu dəyişib, təqdimat forması fərqlənir. Bu da onu daha ciddi obrazda görməyə öyrəşən tamaşaçıları müəyyən qədər məyus edir.

Lalə Azərtaşın verilişinin ayrıca saxlanılması isə düzgün yanaşma deyil. Əgər söhbət ümumilikdə bu tip verilişlərdən gedirsə, onların hamısı cəmiyyətdə narazılıq yaradır. Buna görə də hamısına eyni yanaşma sərgilənməlidir. Yəni, kimisə ayırıb “sənin verilişin davam etsin, digərininki fəaliyyətini dayandırsın” prinsipi doğru deyil.

Digər tərəfdən, mən Xoşqədam Hidayətqızı ilə Lalə Azərtaşın efirdən uzaqlaşdırılmasının tərəfdarı deyiləm. Əksinə, düşünürəm ki, onların hər ikisinin jurnalist kimi yaxşı potensialı, ciddi təcrübəsi var və bu tip verilişləri davam da etdirə bilərlər. Sadəcə, üslub və yanaşma dəyişməlidir. Gərəksiz emosiyalar, arzuolunmaz gərginlik və tamaşaçını narahat edən elementlər efirə hakim olmamalıdır. Daha səviyyəli və daha uyğun veriliş hazırlamaq üçün bu xanımların hər ikisində kifayət qədər imkan var”.

Ekspertin sözlərinə görə, həm Audiovizual Şura, həm televiziya rəhbərləri, həm də tənqid edən tərəflər ortaq məxrəcə gəlməlidirlər:

“Digər aparıcılarla bağlı danışmaq istəmirəm, bu artıq başqa mövzudur. Amma Lalə və Xoşqədəm xanımlarla bağlı məsələ aydındır. Burada əsas problem onların efirdən getməsi deyil, üslubun və yanaşmanın dəyişməsidir. Verilişlərə isə daha çox ciddiyyət gətirilməlidir.

Çünki onların gördüyü işin mahiyyətində əslində faydalı tərəflər var. Bu, cəmiyyətə də, ayrı-ayrı insanlara da müəyyən mənada fayda verə bilən işdir. Sadəcə, həmin məsələlərin təqdimat forması ciddi tamaşaçını narahat edir və narazı salır. Lakin onu da deyim ki, hər iki verilişdə tamaşaçı zövqünü korlayan elementlər kifayət qədərdir”.

A.Həsrət əlavə edib ki, əgər bu tip verilişlərin hamısı ilə bağlı ümumi qərar verilibsə, onda heç kimə ayrıcalıq tanınmamalıdır:

“Yox, doğrudan da belə bir ayrıcalıq varsa, bunu yaradan şəxsin kim olduğu da araşdırılmalı və aşkarlanmalıdır. Çünki həmin adam kimdirsə, dövlət siyasətinə qarşı çıxır. Həmin “adamı” dövlət qulağından tutub cəzalandırmalıdır ki, bu cür adamlar yerlərini və hədlərini bilsinlər. Necə yəni, ümumi bir qərar verilibsə, sən kimsən ki, dövlətin verdiyi qərara qarşı çıxırsan? Ona görə də məsələnin üzərində ciddi dayanılmalıdır. Xoşqədəm və Lalə Azərtaşa gəlincə isə onların potensialını düzgün istiqamətləndirmək lazımdır”, - deyə o fikrini yekunlaşdırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı