31 mart – Azərbaycanlıların Soyqırımı Günü Azərbaycan xalqının tarix yaddaşında təkcə faciəvi bir gün deyil, həm də milli özünüdərk, tarixi ədalətin bərpası və həqiqətlərin beynəlxalq müstəvidə tanıdılması uğrunda mübarizənin simvoludur. 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” Fərman bu faciələrə ilk dəfə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verərək, uzun illər susdurulmuş həqiqətlərin üzə çıxarılması üçün mühüm bir mərhələnin əsasını qoydu. Bu qərar yalnız keçmişə verilən qiymət deyil, həm də gələcək nəsillərin milli yaddaşının formalaşdırılması baxımından strateji əhəmiyyət daşıyır.
Tarixi faktlar göstərir ki, Azərbaycan xalqına qarşı həyata keçirilmiş zorakılıq siyasəti təsadüfi xarakter daşımayıb, sistemli və ideoloji əsaslara söykənib. Xüsusilə mifik “Böyük Ermənistan” ideyasının həyata keçirilməsi məqsədilə erməni millətçi dairələri tərəfindən müxtəlif dövrlərdə etnik təmizləmə, deportasiya və soyqırımı siyasəti həyata keçirilmişdir. Bu siyasətin ən qanlı təzahürlərindən biri 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələrinin törətdiyi kütləvi qırğınlar olmuşdur. Həmin hadisələr təkcə hərbi qarşıdurma deyil, məhz dinc əhaliyə qarşı yönəlmiş məqsədli soyqırımı aktı idi.
1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Bakı şəhərində və onunla yanaşı Qarabağ, Şamaxı, Quba, Zəngəzur, Naxçıvan, İrəvan və digər bölgələrdə baş verən hadisələr öz miqyasına və qəddarlıq səviyyəsinə görə insanlıq tarixinin ən faciəvi səhifələrindən biri kimi qiymətləndirilməlidir. On minlərlə azərbaycanlı yalnız milli və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, minlərlə yaşayış məntəqəsi dağıdılmış, məscidlər, qəbiristanlıqlar və mədəniyyət abidələri yerlə-yeksan edilmişdir. Bu hadisələr təkcə azərbaycanlılara deyil, eyni zamanda bölgədə yaşayan digər xalqlara – ləzgilərə, yəhudilərə, ruslara, avarlara və talışlara qarşı da yönəlmişdir ki, bu da cinayətlərin etnik nifrət zəminində həyata keçirildiyini bir daha sübut edir.
Şamaxıda baş vermiş qırğınlar xüsusi qəddarlığı ilə seçilir. Tarixi mənbələrin bir hissəsinin sovet dövründə məqsədli şəkildə məhv edilməsinə baxmayaraq, əldə olunan faktlar bu ərazidə minlərlə insanın, o cümlədən qadın və uşaqların qətlə yetirildiyini təsdiqləyir. Fövqəladə İstintaq Komissiyası tərəfindən aparılmış araşdırmalar nəticəsində Şamaxı qəzasının onlarla kəndinin dağıdıldığı sübuta yetirilmişdir. Sonrakı illərdə yerli tədqiqatçıların topladığı şahid ifadələri isə faciənin miqyasının daha da böyük olduğunu ortaya qoyur.
Quba qırğınları isə vəhşiliyin misilsiz nümunəsi kimi tarixə düşmüşdür. Burada aşkarlanan kütləvi məzarlıqlar, insan sümükləri üzərində aparılan ekspertizalar göstərir ki, qurbanlar yalnız güllə ilə deyil, küt alətlərlə, misli görünməmiş işgəncələrlə öldürülmüşdür. 2007-ci ildə aşkar edilmiş bu məzarlıq və sonradan yaradılmış Quba Soyqırımı Memorial Kompleksi təkcə tarixi faktın sübutu deyil, həm də milli yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
1918–1920-ci illərdə İrəvan quberniyasında və Zəngəzurda azərbaycanlılara qarşı törədilən qırğınlar da bu siyasətin davamı idi. Yüzlərlə kəndin dağıdılması, yüz minlərlə insanın qətlə yetirilməsi və ya doğma torpaqlarından qovulması regionda demoqrafik vəziyyətin zorla dəyişdirilməsinə xidmət edirdi. Bu faktlar sonrakı dövrlərdə – xüsusilə 1948–1953-cü illərdə azərbaycanlıların deportasiyası ilə daha da dərinləşmiş, xalqımıza qarşı aparılan siyasətin ardıcıl xarakter daşıdığını sübut etmişdir.
Diqqət çəkən məqamlardan biri də odur ki, bu cinayətlərin bəzi məqamları erməni mənbələrində belə etiraf olunmuşdur. Tarixçi Yervand Lalayan və digər müəlliflərin yazdıqları həmin dövrdə azərbaycanlılara qarşı həyata keçirilmiş zorakılığın miqyasını açıq şəkildə göstərir. Bu etiraflar bir daha sübut edir ki, baş verənlər təsadüfi hadisələr deyil, planlı və məqsədli şəkildə həyata keçirilmiş etnik təmizləmə siyasətidir.
Məhz bu tarixi həqiqətlərin sistemli şəkildə araşdırılması və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm addımlar Azərbaycan dövləti tərəfindən atılmışdır. Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar, o cümlədən 1918-ci il soyqırımının 100 illiyi ilə bağlı qəbul edilən qərarlar bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsinə xidmət etmişdir. Dövlət başçısının vurğuladığı kimi, bu hadisələr yalnız milli tariximizin deyil, bəşəriyyətə qarşı törədilmiş cinayətlərin bir hissəsi kimi qiymətləndirilməli və beynəlxalq hüquqi müstəvidə öz layiqli qiymətini almalıdır.
Bu gün qarşıda duran əsas vəzifələrdən biri həmin həqiqətlərin dünya ictimaiyyətinə daha geniş və əsaslandırılmış şəkildə çatdırılmasıdır. Bu proses yalnız dövlət qurumlarının deyil, həm də hər bir vətəndaşın, xüsusilə xaricdə yaşayan azərbaycanlı icmalarının fəal iştirakını tələb edir. Saxta təbliğatın formalaşdırdığı yanlış təsəvvürlərin aradan qaldırılması, real faktlara əsaslanan tarixi həqiqətlərin beynəlxalq təşkilatlara təqdim edilməsi uzunmüddətli və sistemli fəaliyyət tələb etsə də, bu, milli borc və tarixi məsuliyyətdir.
31 mart yalnız keçmişin acı xatirəsi deyil, həm də gələcəyə yönəlmiş çağırışdır. Bu çağırış Azərbaycan xalqının tarixini unutmadığını, ədalət uğrunda mübarizədən geri çəkilmədiyini və həqiqətlərin gec-tez öz yerini tapacağına inandığını nümayiş etdirir. Soyqırımı qurbanlarının xatirəsini yaşatmaq isə təkcə anım mərasimləri ilə deyil, həm də tariximizin hər səhifəsini obyektiv, elmi və prinsipial şəkildə dünyaya çatdırmaqla mümkündür.
Azər Kərimli
Milli Məclisin deputatı