Modern.az

Xarrazi İranda Azərbaycana qarşı əsas fiqurlardan idi - Eks-nazir

Xarrazi İranda Azərbaycana qarşı əsas fiqurlardan idi - Eks-nazir

Aktual

Bu gün, 10:08

İranın Ali liderinin müşaviri, sabiq xarici işlər naziri Kamal Xarrazi aldığı yaralardan 81 yaşında vəfat edib.

Modern.az xəbər verir ki, bununla bağlı Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov şəxsi “Facebook” hesabında paylaşım edib.

O bildirib ki, mərhum İran rəsmisi Qərb təhsili almasına baxmayaraq, ölkənin ən reaksioner siyasi fiqurlarından biri olub:

“Bu şəxs Qərb təhsili alsa da, keçmiş rejimin ən reaksioner simalarından və xarici siyasət ideoloqlarından biri idi. Onun dünyagörüşünün əsasını İslam həmrəyliyi deyil, hələ şah dövründə formalaşdırılmış fars neoimperiya ideologiyası təşkil edirdi”.

Sabiq nazir qeyd edib ki, bu yanaşma region ölkələrinə qarşı istismarçı siyasətdə özünü göstərib:

“Bu ideologiyanın daşıyıcıları İran inqilabının ‘ixracı’nı qonşu dövlətlərin suverenliyinə müdaxilə vasitəsi kimi görürdülər. İraq, Suriya, Livan və qismən Bəhreyn bunun nümunəsidir. Eyni ssenari Azərbaycan üçün də nəzərdə tutulmuşdu”.

Tofiq Zülfüqarov vurğulayıb ki, həmin dövrdə rəsmi Bakı ilə razılaşdırılmış prinsiplərə baxmayaraq, İran daxilində bəzi qüvvələr Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsinə qarşı fəaliyyət göstərib:

“Formal olaraq Azərbaycanın mövqeyi qəbul olunsa da, Harrazi kimi şəxslər ölkəmizdə dövlətçiliyin güclənməsinə mane olmaq üçün mümkün addımları atırdılar. Bu siyasət xüsusilə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra daha açıq şəkildə hiss olunurdu”.

O əlavə edib ki, həmin siyasət beynəlxalq platformalarda da özünü büruzə verib və açıq şəkildə Azərbaycana qarşı yönəlib.

Sabiq XİN rəhbərinin fikrincə, köhnə rejim sonda öz daxili və xarici siyasətinin qurbanına çevrildi:

“Bu siyasət sonda onu yaradanlar üçün dağıdıcı oldu. Bu gün yeni nəsil üçün real qonşuluq münasibətləri qurmaq imkanı yaranıb. Görək, əvvəlki səhvlərdən nəticə çıxarılacaqmı”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranda partlayış səsləri - Xameneinin yaxın adamı ÖLDÜRÜLDÜ