Xalq artisti, tarzən Ramiz Quliyev vəfat edib.
Oğlu Əyyub Quliyevin Modern.az-a verdiyi məlumata görə, o, bu gün səhər saatlarında dünyasını dəyişib.
Xatırladaq ki, o, bir neçə gün əvvəl Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Ramiz Quliyev 1947-ci il aprelin 30-da Ağdamda anadan olub. 1954-cü ildə Ağdam şəhər 7 illik musiqi məktəbinə, 1960-cı ildə Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas musiqi məktəbinə daxil olub. 1964–1969-cu illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında tar və dirijorluq ixtisasları üzrə təhsil alıb.
Türkiyə, Əfqanıstan, Suriyə, Hollandiya, İsveçrə, ADR, Pakistan, Əlcəzair, Tunis, Almaniya, Hindistan, Yaponiya, ABŞ, Kanada, Polşa, Danimarka, İran, İraq, Fransa, İngiltərə, İsrail, Norvec və d. ölkələrdə qastrol səfərlərində və beynəlxalq festifvallarada çıxış edib. Azərbaycanda keçirilən bir çox musabiqə və festivallarada münsiflər heyətinin sədri olub.
Ramiz Qukiyev Respublika Lenin komsomolu mükafatının laureatı (1978), əməkdar artist (1982), xalq artisti (1988) fəxri adları ilə təltif edilib.
O, Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2002-ci, 5 iyul 2003-cü illərdə mükafatı ilə təltif edilmiş, 2004-cü ildən Prezidentin təqaüdü, 2007-ci ildə AR Prezidentinin fərmanına əsasən “Şöhrət” ordeni, 2014-cü ildə Azərbaycan Respublikasının Dövlət Mükafatı, 2017-ci ildə “Şərəf” ordeninə layiq görülüb.