Kəlbəcər bu gün ağır bir xəbər eşitdi. Bir dövr bitdi, bir məktəb bağlandı, bir ad əfsanəyə çevrildi…
Kəlbəcər təhsilinin atası Əli Kazımov dünyasını dəyişdi.
Modern.az-ın məlumatına görə, o, uzun illər Kəlbəcər rayon təhsil şöbəsinə rəhbərlik edib, həmçinin Kəlbəcər məktəbində müəllim kimi çalışıb. Təhsil şöbəsinə rəhbərlik etdiyi illərdə Əli Kazımovun Kəlbəcər məktəblilərinin üzərində xüsusi əməyi olub.
O, dağlar diyarının elm çırağını yandıran, nəsillərə işıq olan bir insan idi.
Əli Kazımovun ömrünü təhsilə xərclədi. Kəlbəcərin hər kəndinin məktəbində onun ayaq izləri, onun baxışının izi vardı.
Hər yeni tikilən məktəb binasında onun zəhmət təri vardı.
Uzun illər boyu Kəlbəcərdə təhsilin rəhbəri olmuşdu, müəllimlik sənətinə könül vermişdi.
Kəlbəcərin yaddaşı idi. Əli Kazımov Kəlbəcəri ovcunun içi kimi tanıyır, hər kəndin övladına ata qayğısı ilə yanaşırdı.
Əli müəllim təsadüfən yetişməmişdi. O, dərsini Kəlbəcər təhsilinin babası sayılan Bəhmən Cəfərovdan, Qara Bəhmən ləqəbli müəllimdən almışdı.
Qara Bəhmən bir məktəb idisə, Əli Kazımov o məktəbin ən sədaqətli şagirdi idi.
Sonralar özü də bir məktəbə çevrildi, öyrətdi, yönləndirdi, tərbiyə etdi.
O, Qara Bəhmənin məşəlini söndürmədən gələcək nəsillərə ötürdü.
Kəlbəcərdə təhsilin davamlılığını, ruhunu, qayəsini qorudu.
O, “təhsil” sözünü həyatının mənasına çevirdi.
İşğaldan öncəki illərdə Kəlbəcərdən çıxıb ali təhsil alan yüzlərlə, bəlkə minlərlə gəncin arxasında o vardı.
Hər bir gəncin uğuruna sevinirdi, hər bir məktəbin nailiyyətini öz zəfəri sayırdı.
Kəlbəcər təhsili Əli müəllimsiz təsəvvür olunmurdu,, o, bir rayonun maarif ruhu idi.
Əli Kazımov hər zaman yaşayacaq.
Bu dünyadan köçsə də, təhsil işığı sönməyəcək.
Əli Kazımovun vəfatı Kəlbəcərin təhsil ictimaiyyəti üçün böyük itkidir. Onun adı uzun illər rayonun maarif tarixində xidmət və fədakarlıq nümunəsi kimi yaşayacaq. Həmin illərdə Kəlbəcərdə təhsil alan şəxslər onun həm müəllimlik fəaliyyətini, həm də rayon təhsilinə verdiyi töhfələri xatırlayır.
Allah rəhmət eləsin!
Ruhu şad olsun!