Xalq artisti Roza Cəlilova vəfat edib.
Modern.az xəbər verir ki, 97 yaşlı sənətkar Bakıda yerləşən mənzilində dünyasını dəyişib.
TƏBİB-dən bildirilib ki, noyabrın 19-u, saat 04:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Səbail rayonu ərazisindən çağırış qeydə alınıb. Çağırış ünvana təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən Xalq artisti Roza Cəlilovanın həkiməqədər ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, Roza Cəlilova 17 may 1929-cu ildə Qubada anadan olub. 1947-ci ildə Bakı Xoreoqrafiya məktəbini bitirib. İki il M.F.Axundov adına Opera və Balet Teatrının balet truppasında çalışıb. 1949-cu ildə M.Maqomaev adına Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblına keçib. 1965-ci ilə qədər ansamblın rəqs qrupunda solist kimi fəaliyyətini davam etdirib, 1965-1975-ci illərdə isə qrupa rəhbərlik edib.
Rəqqasə uzun illər xoreoqraf kimi də fəaliyyət göstərib. O, 1989-cu ildə yaratdığı "Gülüstan" Mahnı və Rəqs Ansamblı ilə populyarlaşaraq xarici ölkələrdən ardıcıl dəvətlər almağa başlayıb.
Onun repertuarında Azərbaycanın milli rəqsləri ilə bərabər bərabər ərəb, fars, hind və bir sıra başqa xalqların rəqsləri də böyük yer tutub.
Ümumdünya festivallarının və beynəlxalq müsabiqələrin laureatı olan Roza Cəlilova "Gülüstan" ansamblı ilə bərabər Bakı Dövlət Universiteti nəzdində olan "Sevinc" rəqs ansamblına da rəhbərlik edib.
2007-ci ildə "Xalq artisti" fəxri adını alıb.
Allah rəhmət eləsin!
Məlumatı daha əvvəl Bakupost saytı yayıb.