Modern.az-ın “Azərbaycandakı xarici ölkələr” rubrikasının növbəti mövzusu İsrailə həsr olunur.
Son aylarda Yaxın Şərqdə qalmaqallı hücumların mərkəzində olan İsrailin Azərbaycanla münasibətləri olduqca unikaldır. Bu münasibətlər diplomatik təmaslarla məhdudlaşmır.
Əlaqələrin kökləri həm qədim dövrlərə, Azərbaycandakı yəhudi icmalarına, həm də müasir dövrdə enerji, təhlükəsizlik və texnologiya əməkdaşlığına söykənir.
Yaxın Şərqdəki gərginlik fonunda bəzi ekspertlər İsraili Azərbaycan üçün həm fürsət, həm də risk mənbəyi kimi qiymətləndirir. Ancaq iki ölkə arasında təmaslar dünən başlamayıb və bugünkü hadisələrlə qiymətləndirilməsi düzgün deyil.
İsrail regional təhlükəsizlik kontekstində mühüm oyunçudur və bu ölkədə kimin hakimiyyətdə olmasından asılı olmayaq vəziyyət dəyişmir.
Rubrika çərçivəsində cavablarını axtaracağımız suallarımız isə dəyişmir:
Azərbaycandakı İsrail necə görünür?
Azərbaycandan İsrailə baxış necədir?
Və ən əsası, bu münasibətlərin gələcəyi nədən asılıdır?
Azərbaycanın Quba bölgəsinin Qırmızı Qəsəbəsində yəhudi dilində danışan, adət-ənənələrini qoruyan yəhudi icması mövcuddur.
Dünyada İsrail və ABŞ-dan kənarda yalnız burada tamamilə yəhudilərin yaşadığı qəsəbə qalmaqdadır. Qırmızı Qəsəbənin dar küçələri, qədim sinqoqları və Dağ Yəhudiləri Muzeyi bu xalqın Azərbaycanla bağlarının bariz sübutudur. Muzeydə saxlanan qədim əlyazmalar, məişət əşyaları və dini atributlar bütövlükdə Azərbaycanın çoxmillətli yaddaşının bir parçasıdır.
Azərbaycanın müasir tarixində də yəhudi izi silinməzdir. Şuşanın müdafiəsi uğrunda döyüşlərdə şəhid olan tank komandiri Albert Ağaronov Azərbaycanın Milli Qəhrəmanıdır. Onun xatirəsi Bakıda küçələrdə, məktəblərdə və insanların qəlbində yaşayır.
Azərbaycanda yaşayan yəhudilər
Müxtəlif hesablamalara görə, bu gün Azərbaycanda təxminən 16 min yəhudi yaşayır. Onlar əsasən üç böyük qrupa bölünürlər:
Dağ yəhudiləri təqribən 11 min nəfərdir. Ən çox Bakı, Quba (Qırmızı Qəsəbə), Oğuz və digər bölgələrdə yaşayırlar.
Aşkenazi yəhudiləri təqribən 4,3 min nəfərdir. Sovet dövründə Azərbaycana köçən bu qrup əsasən Bakı və Sumqayıtda məskunlaşıb.
Gürcü yəhudiləri isə təxminən 700 nəfərdir. Onların sayı nisbətən az olsa da, Bakıdakı yəhudi icmalarında aktiv iştirak edirlər.
Diplomatik münasibətlər
Azərbaycan ilə İsrail arasında diplomatik əlaqələr 1992-ci il aprelin 7-də qurulub. Həmin dövrdə yeni müstəqillik qazanmış ölkənin Yaxın Şərqdə ilk tərəfdaşlardan biri məhz İsrail olub. Bir il sonra 1993-cü ildə İsrail Bakıda səfirliyini açıb.
Azərbaycanın Təl-Əvivdəki səfirliyi isə 2023-cü ildə fəaliyyətə başlayıb və Muxtar Məmmədov İsrailə səfir təyin edilib. Səfirliyin açılmasından qısa müddət sonra İsrail Prezidenti İsaak Hersoqun Bakıya səfəri, elə həmin ilin yazında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Təl-Əvivdə keçirdiyi görüşlər tərəflərin siyasi əlaqələrində mühüm əhəmiyyət kəsib.
Hersoqdan başqa İsrailin Baş naziri Benyamin Netanyahu 1997-ci ildə və 2016-cı ildə, İsrail Prezidenti Şimon Peres 2009-da Bakıda olub.
Enerji və ticarət
İsrail neftinin təxminən 40 faizini Azərbaycandan alır. Bakı–Tbilisi–Ceyhan kəməri vasitəsilə Ceyhan limanından Aşkelona qədər daşınan bu enerji marşrutu strateji əməkdaşlığın əsas sütunlarından biridir.
Ticarət dövriyyəsi 2024-cü ildə 1,5 milyard dollardan çox olub. Azərbaycan İsrailə əsasən neft ixrac edir, İsrail isə Azərbaycana texnologiya, kənd təsərrüfatı və təhlükəsizlik avadanlığı satır. Enerjidən başqa İsrail Azərbaycana su idarəçiliyi və kənd təsərrüfatı texnologiyalarını ötürür. Damcı suvarma, istixana sistemləri, iqlim dəyişikliyinə uyğunlaşma layihələri kənd təsərrüfatının modernləşməsinə xidmət edir.
Rəsmi məlumata görə, Azərbaycanda 140-a qədər İsrail şirkəti fəaliyyət göstərir.. Enerji, ticarət, sənaye, kənd təsərrüfatı, innovasiyalar, infrastruktur, əczaçılıq, turizm sahəsində şirkətlər mövcuddur.
Təhlükəsizlik və müdafiə
SIPRI məlumatlarına görə, Azərbaycanın son onillikdə aldığı silahların böyük hissəsi İsrail istehsalıdır. 2020-ci ildə Vətən müharibəsində İsrailin pilotsuz uçuş aparatları, raket və HHM sistemləri vacib rol oynayıb. İsrail istehsalı olan “Harop”, “Orbiter” və digər dronlarla Ermənistanın yüzlərlə tankı, zirehli texnikası və digər qurğuları məhv edilib.
Mədəniyyət, təhsil və turizm
İsrail və Azərbaycan arasında təhsil proqramları, tələbə mübadiləsi və mədəni tədbirlər mövcuddur. 2023-cü ildə 29 min israilli turist Azərbaycana gəlib. 2025-ci ildən Bakı-Təl-Əviv birbaşa uçuşlarının bərpası turizm əlaqələrini daha da genişləndirib.
Bakıda “Xabad Or-Avner” adlı yəhudi məktəbi 2010-cu ildə yaradılıb. Təhsil müəssisəsi sırf yəhudi uşaqları üçün nəzərdə tutulub. Məktəbdə 200-ə yaxın şagird təhsil alır.
Qırmızı Qəsəbədə fəaliyyət göstərən məktəblərdə də yəhudi uşaqları Azərbaycan və rus dillərində təhsil alır. Burada həmçinin dini biliklərin öyrədildiyi dərnəklər də mövcuddur.
Balanslı siyasət və İsrailə Bakıdan baxış
Yaxın Şərqdəki gərginlik fonunda Azərbaycan balanslı mövqe sərgiləyir. Bir tərəfdən Fələstinə humanitar yardımı davam etdirir və iki dövlətli həll təklifini dəstəkləyir. Digər tərəfdən isə İsraillə strateji əməkdaşlıq kanallarını açıq saxlayır.
Azərbaycanın İsraillə əməkdaşlıq etməsi və eyni zamanda Fələstinə dəstək verməsi ilk baxışda ziddiyyətli görünə bilər. Amma bu siyasət əslində Bakının uzun illərdir davam edən çoxvektorlu xarici siyasətinin nümunəsidir.
Azərbaycan müsəlman ölkəsi olaraq Fələstinin yanındadır, ancaq İsrail ilə strateji tərəfdaşlıq ölkənin təhlükəsizlik arxitekturası üçün vacib amildir. İsrail Azərbaycanın ən vacib enerji alıcılarından biridir və neft ixracatında sabit bazar rolunu oynayır. Həm də hərbi-texnoloji əməkdaşlıq Azərbaycan üçün əhəmiyyət daşıyır.
Qəzza müharibəsi tamamilə yeni mərhələyə keçərsə, Bakı daha açıq seçim etməyə məcbur qala bilər. Bu isə Bakı üçün strateji riskdir. Azərbaycan müharibənin tezliklə dayanmasını istəyir və bunu beynəlxalq platformalarda dəfələrlə dilə gətirib. Bu gün Azərbaycan cəmiyyətindən İsrailə baxışlarda müəyyən ziddiyyətlər olsa da, ümumi yanaşma demək olar ki, eynidir. Uzun illər müharibədən əziyyət çəkən Azərbaycan xalqı da tezliklə müharibənin dayanmasını, insanların siyasi oyunların qurbanı olmasını istəmir.
Modern Təhlil və Araşdırma Qrupu