"Qarabağ" UEFA Çempionlar Liqasının I turunda "Benfika"nı səfər oyununda məğlub etdi. Matç komandamızın 3:2 hesablı qələbəsi ilə yekunlaşdı. Oyunu televiziya ekranlarından izləyən tamaşaçılarla yanaşı, ona canlı şahidlik edənlər də oldu...
Lissabondakı stadionda qələbənin canlı şahidlərindən biri - İsmayıl Qarazadə təəssüratlarını Modern.az-a danışıb.
O bildirib ki, stadiona gedən azərbaycanlı azerkeşlər əvvəlcə qələbəyə inanmayıblar:
“Portuqaliyanın iki güclü komandası var: “Benfika” və “Sportinq”. Biz “Qarabağ”ın “Braqa" üzərindəki qələbəsini görmüşdük. Lakin “Braqa” bu komandalarla müqayisədə çox zəifdir.
Amma “Benfika” çox güclü rəqib olduğundan açığı “Qarabağ”dan qələbə gözləmirdik. “Qarabağ”ın üzümüzü ağ edəcəyinə inanırdıq, amma oyunçu və maliyyə baxımından rəqiblə arada olan çox böyük fərq səbəbindən içimizdə qorxu da vardı. Tam qələbəyə heç vaxt inana bilməzdik. Ən azı heç-heçə gözləyirdik”.
İ.Qarazadə deyib ki, onlar birinci hissənin sonunda bəzi oyunçularımızın məyusluğunu görəndə, düşünüblər ki, belə davam edərsə, ikinci hissədə hesab rəqibin xeyrinə 4:1 ola bilər:
“Dostum da oyuna gəlmişdi, onun uşağı 3 yaşdan aşağı olduğundan stadiona buraxmırdılar. Buna görə ən azı 10 dəqiqə ləngiməli olduq. Sənədlərimizi yoxlayıb bizi içəri buraxanda eşitdik ki, “Benfika” azarkeşləri "1:0" deyə qışqırırlar. Biz ruhdan düşmüş vəziyyətə düşdük. Amma ümidimiz itməmişdi. Hesab artıq 2:0 olanda həyəcanımı daha da artdı. Həmin anlarda “Benfika” tərəfdarları əməlli-başlı coşmuşdular. Onlarla müqayisədə bizim olduğumuz ərazi balacaydı. Ətrafımızda xeyli polis vardı. Amma biz komandamızı dəstəkləməyi dayandırmadıq - “Qarabağ Azərbaycandır!”, “Qarabağ, səninləyik!” kimi şüarlar səsləndirdik.
Sonra hesab 2:1 oldu və birinci hissə başa çatdı. Məndə belə bir hisslər yarandı ki, komanda fasilə otağında olarkən Qurban Qurbanov hansısa formada oyunçuları mübarizəyə fokuslayacaq, qalib gələcəyik.
Tam səmimi deyirəm, Qurban Qurbanova inamımız böyükdür. Azarkeşlərimiz məyus olmuşdular, açığı ikinci hissədə hesabın 4:1 olacağını düşünənlər də vardı. Mən dedim ki, Qurban Qurbanov futbolçulara sözünü desin, onlar özlərini göstərəcəklər. Həqiqətən də, hesab əvvəlcə 2:2, sonra 3:2 bizim xeyrimizə dəyişdi. 3:2 olanda bizimkiləri heç kəs saxlaya bilmirdi, bayraqları dalğalandırır, qışqırırdıq. Qələbəni qeyd edirdik.
Üçüncü qol vurulanda stadiondakı böyük monitorda azərbaycanca yazıldı ki, "azərbaycanlı azarkeşlər yerində qalsın, polis onları müşayiət edəcək".
“Benfika” öz məğlubiyyətini qəbul etdi. Oyunçularımız sağ olsunlar, hamısı gəlib bizim qarşımızda hisslərini bölüşürdülər”.