Modern.az

Şuşanın yeni adı - sülh mərkəzi, müzakirə şəhəri, Türk Birliyinin Paytaxtı

Şuşanın yeni adı - sülh mərkəzi, müzakirə şəhəri, Türk Birliyinin Paytaxtı

Analitika

18 Sentyabr 2025, 15:14

Azərbaycan diplomatiyasının Şuşa tərəfi

Hazırkı dünyada uğur qazanmağın əsas yolu zamanı qazanmaqdır. 44 gün günlük Zəfər savaşı, 24 saatdan az davam edən antiterror tədbirləri dediklərimizin bariz misalıdır.

Və bu çeviklik Azərbaycanda bir çox sahələrə sirayət edib. Diplomatiyamız bu mənada örnək göstərilə bilər. Ən maraqlısı odur ki, bu sürət işğaldan azad edilmiş Şuşanı mədəniyyət paytaxtı ilə yanaşı diplomatiyanın da ciddi məkanı kimi qəbul etdirir.

Diplomatiya bilik, təhsil, çeviklik, dünyəvilik və ayaqlaşmaq bacarığı tələb edir. Görünən odur ki, Azərbaycan bu masanı həm də Şuşada yeni nizamla hazırlayır. 

Şuşa Azərbaycanın gücünün diplomatiyada göstəricisidir. Burada keçirilən görüşlər Azərbaycanı birmənalı olaraq regiondan kənara çıxaraq qlobal siyasət masasında yerini möhkəmləndirir. 

Çox güman ki, bir müddətdən sonra bütün bunlar Şuşa diplomatiyası kimi tarixə yazılacaq. Çünki Şuşa ölkəmizin siyasi nüfuzunun, diplomatik masasının yeni ünvanıdır. Bu, dünyaya açıq mesajdır ki, Şuşa Azərbaycanın, regionun, elə dünyanın gələcək diplomatiya mərkəzidir.

Şuşanın diplomatik paytaxt kimi formalaşması, əslində Azərbaycanın ənənəyə sadiqliyinin davamıdır. Bu şəhər tarixən milli kimliyin, mədəniyyətin, musiqinin və mənəviyyatın beşiyi olub. İndi həmin beşik diplomatiya üçün də dayaq nöqtəsinə çevrilir. Burada keçirilən görüşlər milli kimliyi qorumaqla müasir dünyaya inteqrasiya mesajı verir. Azərbaycan ənənəyə sadiq qalmaqla yanaşı, yeni dövrün tələblərinə də ayaqlaşır. Şuşada diplomatiya milli ruh və beynəlxalq protokol üzərində qurulur. 

Bu, Azərbaycanın öz kökləri üzərində siyasi mədəniyyətini inkişaf etdirdiyini təsdiqləyir.

Şuşada baş tutan görüşlərdə dövlətlərarası ən yüksək protokol qaydaları tətbiq olunur. Dövlət himnlərinin səsləndirilməsi, fəxri qarovul dəstəsinin düzülüşü və qırmızı xalça mərasimi artıq Şuşada bir ənənəyə çevrilib. 

Qarabağ atlarının nümayişi və milli mədəniyyətin tədbirlərə qatılması isə Azərbaycan diplomatiyasına xüsusi rəng qatır. Bu mərasimlər formal rituallarla bəzədilmir. Şəksiz olaraq mədəniyyət və diplomatiyanın sintezidir. Şuşada tətbiq olunan protokol Azərbaycanın dünyaya təqdim etdiyi yeni diplomatik modeldir. Burada incəsənət və siyasət, işğal faktoru və azad edilərək yenidən qurulma platforması bir araya gətirilərək fərqli bir təcrübə yaradılır. 

Şuşa qısa müddətdə beynəlxalq tədbirlərə ev sahibliyi edə biləcək səviyyəyə gətirilib. Şəhərin infrastrukturunun yenilənməsi, logistika imkanlarının artırılması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi buna xidmət edir.

Burada keçirilən toplantılar göstərir ki, Şuşa diplomatiya üçün texniki və siyasi baxımdan da tam hazırdır. Dünya liderlərinin Şuşaya səfəri bunun ən açıq sübutudur. 

Azərbaycan Şuşanı beynəlxalq aləmin qəbul etdiyi mərkəzə çevirməkdə qərarlı və davamlıdır. 

Bu qətiyyət diplomatiya ilə yanaşı ölkənin strateji baxışının göstəricisidir. 

Bəli, bütün dünya Şuşanı qlobal səviyyəli tədbirlərin keçirilməsi üçün etibarlı məkan kimi qəbul edir. 

Şuşaya gələn dünya liderlərinin sayı günbəgün artır. Hətta qonşu ölkələrin baş şəhərləri 2025-ci ildə Şuşanın qarşıladığı dünya liderlərinin sayı qədər rəsmi qonaq görə bilməyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Macarıstan Baş naziri Viktor Orbanın səfərləri mühüm nümunələrdir. 

Bundan əlavə, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed və Belarus Prezidenti Aleksandr Lukaşenko da Şuşanı ziyarət ediblər. Xankəndinə gələn liderləri də buraya əlavə edə bilərik.

Hər bir liderin Şuşada olması həm özləri və həm də dostları tərəfindən şəhərin dünyada qəbul olunduğunu göstərir. Bu səfərlər diplomatiya tariximizə xüsusi səhifələr kimi yazılır.. Şuşa diplomatiya xəritəsində öz yerini möhkəmləndirir.

Şuşa Türk dünyasının mənəvi və siyasi ortaq platformasına çevrilməkdədir. Burada keçirilən Türk Dövlətləri Təşkilatının dövlət başçılarının zirvəsi bunun açıq nümunəsidir. Şuşa türkdilli xalqların ortaq gələcəyinin müzakirə olunduğu məkana çevrilir. 

Bu şəhər türk dövlətləri arasında həm mənəvi bağları gücləndirir, həm də siyasi əməkdaşlığı möhkəmləndirir. Şuşa türk dünyasının ortaq diplomatik dili olur. Burada qəbul edilən qərarlar yalnız Azərbaycanda dayanmır, bütün türk dünyası üçün əhəmiyyətlidir. Bu səbəbdən Şuşa həm də beynəlxalq miqyasda qəbul olunmuş türk birliyinin paytaxtıdır.

Şuşadakı toplantılar da dövlət başçılarının iştirakı ilə məhdudlaşmır. Diplomatik korpus nümayəndələrinin dəfələrlə Şuşaya səfərlərinin şahidi olmuşuq. 

Azərbaycanın xarici ölkələrdəki səfirləri, beynəlxalq təşkilatların nümayəndələri Şuşada toplantılara qatılır. Diasporla İş üzrə Dövlət Komitəsinin xətti ilə demək olar ki, hər ay Şuşa dünyaya nümayiş etdirilir.  

Bütün sadalananlar şəhərin diplomatiya xəritəsində mühüm mövqeyə yüksəldiyini, Şuşada keçirilən böyük tədbirlər Azərbaycanın dünyaya açıq olduğunu nümayiş etdirir. Hər görüş regional və qlobal məsələlərin müzakirəsinə çevrilir. 

Deməli, Şuşa həm də müzakirə şəhəridir. 

Burada Şuşada keçirilən Beynəlxalq Media Forumlarının adı mütləq çəkilməlidir. Birincisi ona görə ki, indi media ilə diplomatiya bərabər addımlayır.

Digər tərəfdən, Azərbaycan öz qələbəsində əsgər, media və diplomatiya formulunu yaratmışdı. Bu mənada Şuşada keçirilən Beynəlxalq Media Forumları azad şəhərin diplomatiya mərkəzinə çevirilməsində əvəzsiz rola malikdir. 

Beynəlxalq mediadan sitatlar da bunun əyani sübutudur. Bu sitatlar göstərir ki, Şuşa artıq siyasətin, diplomatiyanın və beynəlxalq media görüşlərinin mərkəzi kimi qəbul olunur. 

Şuşada keçirilən Media Forum, iştirakçıları və çıxışlar vasitəsilə, bu şəhəri yenidənqurma simvolu olmaqdan çıxararaq aktiv diplomatik arena rolunu götürür. 

Və ən əsası isə odur ki, Şuşadakı bütün görüşlər insanlığa, sülhə xidmət edir. 

Müharibədən 30 il əziyyət çəkən Şuşa hər görüşdə dünyanı sülhə səsləyir.

Bəli, Şuşa həm də dünyanın SÜLH MƏRKƏZİdir.

Elnur Əmirov

1462529

1462257

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi