8 avqust tarixində Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanmış birgə bəyannamə Azərbaycan əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantını təmin edəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) əsasını qoydu.
Bununla bağlı olaraq, artıq bir müddət əvvəl ABŞ-dan olan nümayəndə heyəti Zəngəzur dəhlizi ("Tramp marşrutu" - TRIPP) məsələsini müzakirə etmək üçün Ermənistana səfər edib. Amerikalılar dəhlizin texniki və siyasi detallarını, həmçinin layihəyə yatırılacaq investisiyanın həcmi, prioritetlər və tikinti işlərinə başlama müddətini müzakirə ediblər.
Prezident İlham Əliyev “Orta Dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusunda 6-cı Xəzər Biznes Forumunun iştirakçılarına ünvanladığı müraciətdə bu məsələyə də toxunub. “Azərbaycan bu marşrutun yaxın zamanlarda reallaşması üçün bütün səylərini səfərbər edib”,- Ölkə başçısı qeyd edib.
Zəngəzur dəhlizi açıldıqdan sonra ölkəmizə daxil olmuş əcnəbilərin, respublikamızın digər hissəsi olan Naxçıvana dəhliz vasitəsilə gediş-gəlişinin mümkün olub-olmayacağı diqqətçəkən nüansdır.
Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev Azərbaycan ərazisinə daxil olan əcnəbilərin Zəngəzur dəhlizindən keçməklə hərəkətində tətbiq olunacaq rejimlə bağı məsələyə münasibət bildirib.
“Əcnəbi dövlətin vətəndaşı Azərbaycan Respublikasının ərazisinə hər hansı dövlət sərhədindən buraxılış məntəqəsindən, məsələn Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş etməklə daxil olubsa, həmin şəxsin də Azərbaycanın esklav ərazisi olan Naxçıvan bölgəsinə gedişi zamanı, Zəngəzur dəhlizindən keçidi sadələşdirilmiş formada olmalıdır", - o qeyd edib.
Deputat bildirib ki, əcnəbi vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş bir dövlət sərhəd-buraxılış məntəqəsindən ölkə ərazisinə giriş ediblərsə, deməli, həmin şəxslər artıq Azərbaycanın suveren ərazisindədirlər və burada qüvvədə olan qanunvericilik onlara da tətbiq olunur:
"Məhz buna görə də, əcnəbilərin artıq Azərbaycan ərazisinin bir hissəsindən digər hissəsinə keçidi üçün də müvafiq qanunvericliyin tələbləri gözlənilməklə sadələşdirilmiş rejim olmalıdır. Bu məqamlar Zəngəzur dəhlizi ilə bağlı Ermənistanla danışıqlarda nəzərə alınmalıdır".