Modern.az

Putin Düşənbədə İlham Əliyevdən ÜZR İSTƏYƏ BİLƏR

Putin Düşənbədə İlham Əliyevdən ÜZR İSTƏYƏ BİLƏR

Analitika

9 Oktyabr 2025, 11:46

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinlə Prezident İlham Əliyevin Tacikistanın paytaxtı Düşənbədə görüşəcəklərini bildirib.

O, Putinlə Əliyev arasında görüşün bu gün baş tutacağını qeyd edib. Gündəmin əsas mövzusu ikitərəfli münasibətlər olacaq.

Xatırladaq ki, 2024-cü ilin dekabrında Azərbaycanın sərnişin təyyarəsinin Rusiya səmasında vurulması, adaha sonra Yekaterinburqda azərbaycanlılara qanunsuz hücumlar iki ölkə arasındakı münasibətlərin pisləşməsinə səbəb olub.

Modern.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiya-Azərbaycan münasibətlərində suallar olsa da, gərginlik tam aradan qaldırılmasa da, müxtəlif səviyyələrdə təmaslar davam edir:

“Rusiya və Azərbaycan liderlərinin gözlənilən görüşü də buna dəlalət edir. Münasibətlərin normallamasına hələ də imkan var. Azərbaycan qonşu dövlətlərlə, o cümlədən Rusiya ilə gərgin münasibətlərin olmasını istəmir. Əslində, münasibətlərin gərgin olması Rusiyanın da maraqlarına cavab verməməlidir. Ona görə düşünürəm ki, görüş zamanı Rusiya lideri gələcək addımları barədə fikir bildirə bilər. Eləcə də təyyarə olayının araşdırılması ilə bağlı Putin Azərbaycan liderinə fikirlərini bildirəcək. Amma, bəli, dekabr ayında təyyarə qəzası ilə bağlı aparılan istintaqın nəticəsi elan edilməlidir. Odur ki, burada üzrxahlıq edilməli, konpensasiya ödənilməli, araşdırmanın nəticəsi olaraq da, cinayətkarların cəzalandırılması elan edilməlidir. Belə olan halda münasibətlərin gərginlik mərhələsindən normallaşma mərhələsinə daxil olacağını söyləmək olar. Rusiya rəsmi səviyyədə üzr istəməsə, münasibətlərin normallaşması çətin olacaq”.

Politoloq düşünür ki, Rusiya tərəfi ya Düşənbədəki görüş zamanı, ya da dekabrda - istintaqın nəticələrinin elan edilməsindən sonra üzr istəyə bilər:

“Məntiqləri olsa, üzr istəyərlər. Rusiya hakimiyyəti də artıq anladı ki, üzr istəmədən Azərbaycanla münasibətləri normallaşdıra bilməyəcəklər. Bu baxımdan məntiqləri olsa, üzr istəyərlər. Çünki öz vəziyyətləri də ağırdır. Rusiyanın Ukrayna ilə müharibəsi, onun bir çox dövlətlə münasibətlərini pisləşdirib, gərginləşdirib. Təyyarə qəzasına qədər Azərbaycanla münasibətlər normal idi. Əgər normal münasibətləri yenidən geri qaytarmaq istəyirlərsə, məntiqlə bəli, üzr istəməlidilər”.

Sizə yeni x var
Keçid et
Əliyev Rusiyanın ideyasını BASDIRDI - Putin üzr istəyə bilər