6-7 oktyabr tarixlərində Türk Dövlətləri Təşkilatının(TDT) 12-ci liderlər zirvə toplantısı baş tutub. Qəbələdə baş tutan toplantıda bir sıra qərarlar qəbul edilib və mesajlar verilib.
Rusiya mediasında isə Qəbələ sammiti ilə bağlı bir sıra mənfi yöndə məqalələr yayımlanıb. Bu məqalələrdə məqsəd oxucularda mənfi təəssürat yaratmaq olub.
Modern.az-ın məlumatına görə, politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiyanın aparıcı mediasında Türk Dövlətləri Təşkilatının Qəbələ sammiti barədə yayımlanan məqalələrin eyni mərkəzdə hazırlandığı qənaətinə gəlmək olar:
"Məqalələrdəki cümlələr də bir-birinə oxşayır. Rusiya mediası yayımladığı məqalələrdə oxucularda sammitin nəticələri barədə mənfi təəssürat yaratmağa çalışıb. Kremlin nəzarətindəki media əsas 3 məqamı önə çəkib. Birincisi, yazıblar ki, Prezident İlham Əliyevin sammitdəki çıxışında gələn il Türk Dövlətləri Təşkilatının birgə hərbi təlimləri barədə təklifi guya digər üzvlər tərəfindən dəstəklənməyib. İkincisi, Mərkəzi Asiyanın türk dövlətləri Türkiyənin istəyi ilə Şimali Kipr Respbulikası rəsmən tanımaq istəmirlər. Üçüncüsü, Türkmənistan təşkilata əvvəlkitək üzv olmaq istəmir.
Sammitdə çıxış edən liderlər müxtəlif təkliflər veriblər və bu təkliflərin hamısı araşdırılacaq. Bu baxımdan İlham Əliyevi birgə hərbi təlimlər barədə təklifin də reallaşması ehtimalı yüksəkdir. Rusiya mediası diqqəti ona çəkir ki, İlham Əliyev birgə hərbi təlimləri təklif etdikdən sonra digər üzv dövlətlərin liderləri bu təklifə münasibət bildirməyiblər. Kremlin nəzarətindəki media buradan yanlış olaraq belə nəticə çıxarıb ki, Mərkəzi Asiya ölkələrinin liderləri birgə hərbi təlimlərdə maraqlı deyillər. Ona qalsa İlham Əliyev də digər liderlərin təkliflərinə münasibət bildirməyib. Ancaq bu o demək deyil ki, İlham Əliyev Qazaxıstan və Özbəkistan Prezidentlərinin müxtəlif mövzulardakı təkliflərinin reallaşmasında maraqlı olmayacaq. Kreml mediası onu da yazıb ki, Qazaxıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olduğundan Türk Dövlətləri Təşkilatı çərçivəsindəki hərbi təlimlərdə iştirak etməyəcək. Halbuki, Türkiyə və Azərbaycan Qazaxıstanla hərbi əməkdaşlığı genişləndiriblər və son illərdə 3 dövlət arasında müxtəlif səviyyələrdə hərbi təlimlər keçirilib".
Politoloq qeyd edib ki, Şimali Kipr Respublikasının Türk Dövlətləri Təşkilatına üzvlüyünə gəldikdə, Türkiyə və Azərbaycan bu dövlətin üzvlüyünü dəstəkləyir, Mərkəzi Asiya ölkələrin bu məsələyə ehtiyatla yanaşırlar:
"Rusiya mediası Mərkəzi Asiya ölkələrinin Qəbələdə Şimali Kipr Respublikasının tanımadıqlarını irəli sürüb. Halbuki, Qəbələdə bu məsələ gündəlikdə deyildi. Əsas məsələ Şimali Kipr Respublikasının Türk Dövlətləri Təşkilatında müşahidəçi statusundan üzvlük statusuna keçidinin təmin olunmasıdır. Bu gələcəyin işidir, ancaq Şimali Kipr Respublikasının Cumhurbaşqanının ümumi masa arxasında türk dövlətləri liderləri ilə oturmasının özü irəliyə doğru addımdır. Türkmənistanın da təşkilata marağı artıb. Rusiya mediası Qəbələ sammitndən bir neçə gün əvvəl Türkmənistan lideri Qurbanqulu Berdıməhəmmədovun toplantıda iştirak etməcəyəni yazırdı. Rusiya mediasının yazdıqlarının əksəriyyəti yalan olduğu kimi, bu “proqnozları” da doğru çıxmadı. Əslində Rusiya mediasının yazdıqları onu göstərib ki, Kreml türk dövlətləri arasında artan inteqrasiyadan narahatdır".