8 avqust tarixli Vaşinqton Zirvə görüşündə Azərbaycan və Ermənistan liderləri ABŞ lideri Donald Trampın iştirakı ilə Zəngəzur dəhlizinin (TRIPP) açılması ilə bağlı razılığa gəliblər. Dəhlizin Ermənistan tərəfinə düşən 42 kilometrlik hissəsi ABŞ-nin nəzarətində olacaq.
Bu yaxınlarda Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Zəngəzur dəhlizindən danışıb.
“Biz açıq şəkildə deyirik ki, Azərbaycanla dəmir yolu və digər əlaqələrin bərpası Ermənistan üçün prioritetdir. Çünki bu, ölkəmizi regional iqtisadiyyatın əsas benefisiarlarından birinə çevirir. Ekspertlər bildirirlər ki, dəmir yolunun tikintisi azı iki il çəkə bilər. Amma bu müddətdə biz Azərbaycan ərazisindən istifadə edərək yükləri göndərmək və qəbul etmək imkanına malik ola bilərik”,- o deyib.
42 kilometrlik qısa məsafənin Ararat Mirzoyanın dediyi kimi - 2 ilə tikiləcəyi bəzi suallar doğurur. Bu qədər qısa məsafənin əslində daha tez ərsəyə gələ biləcəyi mümkün deyilmi?
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Modern.az-a bildirib ki, burada bir neçə məsələyə diqqət yetirmək lazımdır:
“Dəmir yolu köhnə marşrutla gedəcəksə, ora qısa zamanda bərpa oluna bilər. Çünki bu zaman süni qurğular təftiş olunmalıdır. Süni qurğuların əksəriyyəti də sağlamdır. Bəzi xırda əlavələr və yaxud kosmetik təmirlə bunu etmək olar. Bir yol döşəyənin dəmir yolu üzrə günlük gücü 600 - 1000 metrə qədərdir. Təxminən 6 ay ərzində o yolun "rels-şpal" qəfəsini bərpa etmək olar. Əgər yeni marşrut üzrə daha da şimala doğru dəmir yolu xəttini çəkmək niyyətləri varsa, bəli, bu hissə dağlıq ərazidir. Orada süni qurğuların, tunel estekadaların sayı da çox olacaq. Ona görə müddət bir az arta bilər”.
Ekspert vurğulayıb ki, seçilən marşrut və qurğu üzrə neçə xətli dəmir yolu və neçə zolaqlı magistral yolunun olacağından çox şey asılıdır:
“Çünki burada dağlar var. Həmin dağları partlatma üsulu ilə torpaq sahəsini genişləndirmək olar. Müəyyən sahələrdə estekada tipində altdan dəmir yolu, üstdən avtomobil yolu da seçilə bilər. Orada şimal-cənub, şərq-qərb hissələrinin kəsişən nöqtələri və onların qovşaqlarla ayrılması məsələsi də var. Bəzi məsələlər var ki, onların marşrut və seçilən texnologiya ilə həlli mümkündür. Əsas məsələ hansı növ texnologiya və marşrutun seçilməsidir. Deyilən müddəti nəzərə alaraq sual yaranır ki, hansı marşrut üzrə bunu icra etmək istəyirlər və orada neçə növ süni qurğu quraşdırılacaq?”.