Modern.az

2026-cı ilin gündəmində bu məsələlər olacaq - Deputat

2026-cı ilin gündəmində bu məsələlər olacaq - Deputat

Analitika

16 Oktyabr 2025, 13:56

2025-ci ilin sonlarına yaxınlaşdığımız dövrdə ölkə gündəmində artıq gələn ilin prioritetlərini təşkil edən məsələlər aktuallaşır. Belə ki, sosial-iqtisadi inkişaf, regional layihələrin icrası və institusional islahatlar qarşıdakı dövrün əsas istiqamətləri kimi ön plana çıxır. Habelə, dövlət idarəçiliyində çevikliyin artırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi də strateji hədəflər sırasında yer alır. Bütün bu proseslər fonunda 2026-cı ildə hansı məsələlərin diqqət mərkəzində olacağı gündəmə gəlir.  

Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Zaur Şükürov qeyd edib ki, əvvəlki illərdə olduğu kimi, 2026-cı ildə də Prezident İlham Əliyevin son dərəcə uğurlu, prinsipial və müstəqil xarici siyasət kursuna əsaslanmaqla, dövlətimizin və xalqımızın maraqlarına xidmət edən beynəlxalq fəaliyyət həyata keçiriləcək.

“Yeni imkanlarla yanaşı, müəyyən çağırışların da qaçılmaz olacağı beynəlxalq münasibətlər sistemində çevik diplomatiya, bərabərhüquqlu və qarşılıqlı faydalılığa söykənən əməkdaşlıq xüsusilə önəm kəsb edir.

Qlobal miqyasda geosiyasi gərginliklərin artması, enerji təhlükəsizliyinin məsələlərinin prioritetləşməsi və regional sabitliyin təmin olunması zərurəti də qalib Azərbaycanın sülh gündəliyini daha da aktuallaşdırır”.

Deputat bildirib ki, dünya miqyasında etibarlı tərəfdaşa çevrilən, regionda sülh və sabitliyin təmin edilməsinə əhəmiyyətli töhfə verən ölkəmiz müstəqilliyimizin bərpa edilməsinin 35-ci ildönümünü qeyd edəcəyimiz 2026-cı ildə də beynəlxalq əməkdaşlığımızın genişləndirilməsi və qlobal əhəmiyyətli məsələlərin həllində yaxından iştirak edəcək:

“Cənubi Qafqazda dayanıqlı sülhün və sabitliyin təmin edilməsi prioritet məsələlərdəndir və 2020 və 2023-cü illərdə əldə etdiyimiz zəfərlər, habelə sonrakı illərdə qələbələrimizin beynəlxalq miqyasda təsdiq və qəbul olunması da bu prosesdə xüsusi əhəmiyyət kəsb edir.

Qeyd etmək vacibdir ki, Ermənistan - Azərbaycan normallaşma prosesi ilə bağlı 8 avqustda Vaşinqtonda əldə olunan razılaşmanın regional sülhə və inkişafa əhəmiyyətli töhfə verəcəyinə ümidlər böyükdür və bu baxımdan Azərbaycan Prezidenti cənab İlham Əliyevin irəli sürdüyü 5 baza prinsipi əsasında formalaşan sülh gündəliyinə region dövlətlərinin, həmçinin qlobal oyunçuların və beynəlxalq təşkilatların dəstək göstərməsi zəruridir”.

Deputat vurğulayıb ki, Türk dövlətləri ilə münasibətlərin öncəki illərdə xarici siyasət kursumuzda prioritet təşkil etdiyini nəzərə alaraq, gələn ildə də qardaş dövlətlərlə bir çox sahələrdə faydalı əməkdaşlığın dərinləşdiriləcəyi şübhə doğurmur:

“TDT çərçivəsində əməkdaşlıq Azərbaycanın beynəlxalq fəaliyyətinin strateji sütunlarından biridir. Əldə etdiyimiz zəfərlər türk dünyasında da nüfuzumuzu daha artırmışdır və istər bu amil, istərsə də qarşılıqlı maraq doğuran bir sıra istiqamətlər üzrə, o cümlədən nəqliyyat, enerji, rəqəmsal texnologiyalar və humanitar sahələrdə əlaqələrin genişlənməsi türk dünyasında rolumuzu gücləndirir və yaxın illərdə Zəngəzur dəhlizinin reallaşması bu inteqrasiyanı daha da gücləndirəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, TDT bizim üçün əsas beynəlxalq təşkilatdır və bizim ailəmiz Türk dünyasıdır”.

Z.Şükürov onu da əlavə edib ki, Azərbaycan islam ölkələri ilə əməkdaşlığa da önəm verir:

“Ölkəmizin 2026-cı ildən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) sədrlik hüququnu əldə etməsi ölkəmizin İslam dünyasında artan nüfuzunun və etimadının bariz göstəricisi olmaqla yanaşı, sülh, həmrəylik və qarşılıqlı anlaşma dəyərlərinə sadiqliyimizin beynəlxalq səviyyədə tanınmasının nümayişidir”.

Deputat nəzərə çatdırıb ki, Azərbaycanın Misirdə keçirilən “Sülh sammiti”ndə iştirakı da bu etimadın, sülh təşəbbüslərinə dəstək verən mühüm aktor kimi qəbul edilməsinin təsdiqidir:

“Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan gələn ildə də bu istiqamətdə fəaliyyətini davam etdirəcək Bununla yanaşı, enerji sektorunda həm ənənəvi, həm də alternativ istiqamətləri paralel inkişaf etdirən ölkəmiz Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda mövcud olan alternativ enerji mənbələri hesabına əldə olunacaq “yaşıl” elektrik enerjisinin xarici bazarlara ixracı istiqamətində hədəflərin həyata keçirilməsi ilə bağlı fəaliyyəti davam etdirəcək”.

Z.Şükürov yekun olaraq qeyd edib ki, ölkəmizin müstəqil, prinsipial, çoxşaxəli, çevik və balanslı xarici siyasət kursu, eyni zamanda həm regional sabitliyin təminatçısı, həm də beynəlxalq əməkdaşlıqda etibarlı tərəfdaşı kimi çıxış etməsi 2026-cı ildə beynəlxalq fəaliyyətimizə mühüm töhfə verməklə yanaşı, ümumilikdə dövlətimizin nüfuzunun daha da artmasına imkan verəcəkdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ