Modern.az

Fransa anladı ki, Azərbaycanla təhdid dilində danışmaq olmaz

Fransa anladı ki, Azərbaycanla təhdid dilində danışmaq olmaz

Analitika

17 Oktyabr 2025, 12:17

Ötən gün Prezident İlham Əliyev Fransanın ölkəmizə təyin olunmuş yeni səfiri Sofi Laqutun etimadnaməsini qəbul edib.

İlham Əliyev Fransa Prezidenti Emmanuel Makronla Kopenhagendəki görüşünü xatırladıb və həmin görüşün nəticəsində ölkələrimiz arasında anlaşılmazlığa səbəb olan məsələlərin keçmişdə qaldığını vurğulayıb.

İkitərəfli gündəlikdə yeni dövrün başladığını vurğulayan dövlətimizin başçısı, ilk növbədə, insanlararası və biznes nümayəndələrinin təmaslarının, mədəni, humanitar sahələrdə əməkdaşlığın bərpasının və inkişaf etdirilməsinin önəminə toxunub.

Dövlət başçının mesajları iki ölkə arasındakı münasibətlərdə yeni dönəmin başlandığına işarə kimi qiymətləndirilir.

Xatırladaq ki, hazırda Azərbaycan-Fransa və Fransa-Azərbaycan partlamentlərarası işçi qrupları fəaliyyət göstərmir.

Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib ki, Fransa ilə müəyyən təmaslara başlamağımız yaxşı haldır:

“Son 2-3 ildə Fransanın Azərbaycana qarşı qərəzli mövqeyi, ikitərəfli münasibətlərə çox böyük mənfi təsir göstərdi. Bu da Fransanın Azərbaycanla Ermənistan arasında danışıqlara müdaxilə cəhdləri, eyni zamanda Ermənistanı silahlandırması ilə bağlı idi. Fransa bir çox beynəlxalq təşkilatlarda Azərbaycana qarşı qərəzli kampaniya aparırdı. Təbii olaraq, Azərbaycan tərəfindən mütənasib qaydada Fransaya qarşı tədbirlər görüldü, bəyanatlar səsləndirildi. Və xarici siyasət xətti bu minvalla davam etdirildi. Buna baxmayaraq, Azərbaycan ikitərəfli münasibətlərdə istənilən dövlətlə siyasi dialoq üçün meydan saxlayır, həmişə qapını tam örtmür. Fransa ilə münasibətlər məsələsində də biz bunu deyə bilərik. Onu da qeyd edək ki, Azərbaycan-Fransa münasibətlərinin bu cür səviyyəyə çatdırılmasında, məhz Fransa Prezidenti Emmanuel Makron və onun yeritdiyi  xarici siyasət durur. Amma cənab Prezident tərəfindən Fransanın yeni səfiri Sofi Laqutun qəbul edilməsi onu deməyə əsas verir ki, soyuq münasibətlər dövrü keçib getməkdədir".

Deputat düşünür ki, Fransa ilə həm hökumət, həm də parlament səviyyəsində təmaslar bərqərar olacaq:

"Bu münasibətlər cənab Prezidentin də dediyi kimi, ilk növbədə insanlar və biznes nümayəndələri arasında olan təmasların qurulması, mədəni-humanitar sahədə əməkdaşlığın bərpası və genişləndirilməsi kimi məsələlərdən başlanılmalıdır. Məlumdur ki, hər iki ökənin parlamentlərinin dostluq qrupları fəaliyyətini dayandırıb. Mən düşünürəm ki, növbəti mərhələdə deputatlar səviyyəsində də təmasların bərpa olunmasından danışa bilərik. Hazırda cənab Prezidentin Fransa səfirini qəbulu zamanı qeyd etdiyi kimi, insanlar və biznes dairələri arasında münasibətlərin qurulması, çox güman ki, ilk planda dayanır. Bu görüşdən sonra hesab edirəm ki, münasibətlərdə müəyyən istiləşmə də gedəcək. Müəyyən əlaqələr də bərpa olunacaq. Bu yenə də Fransadan asılı olacaq. Fransa Azərbaycanla təhdid və diqtə dili ilə danışmağın mümkün olmadığını anlasa və bizimlə  bərabərhüquqlu, hörmət əsasında münasibətlərə üstünlük versə, onda təbii ki, Azərbaycan da bu münasibətlərə lazımi qiymət verəcək. Və bu, əməkdaşlığa, qarşılıqlı əməkdaşlığa öz töhfəsini verəcək".

K.Bayramov vurğulayıb ki, digər sahələrdə də müəyyən irəliləyiş və tərəqqinin olması üçün siyasi münasibətlərin gücləndirilməsi zəruridir:

"Tarixən Fransa ilə yaxşı, normal münasibətlərimiz olub. Siyasi dialoq, eyni zamanda iqtisadi əlaqələrin gücləndirilməsi sahələrində çox normal münasibətlərə malik olmuşuq. Eyni fikri mədəni, humanitar sahələr üçün də demək olar. Məlum olduğu kimi, xüsusilə də Heydər Əliyev Fondu tərəfindən Fransada müəyyən layihələr həyata keçirilib.  Düşünürəm ki, hazırkı istiləşmə həm siyasi, həm də iqtisadi əlaqələrimizin genişləndirilib dərinləşdirilməsinə xidmət edəcək. İstənilən dövlətlə təbii ki, siyasi münasibətlər yaradılır. Və bu siyasi münasibətlər əsasən iqtisadi münasibətlərə arxalanmalıdır. Fransa şirkətləri Azərbaycanda fəaliyyət göstərir, layihələr həyata keçirirlər. Düşünürəm ki, siyasi sahədə münasibətlərin gücləndirilib möhkəmləndirilməsi, təbii ki, digər bütün sahələrə öz müsbət təsirini göstərəcək. Xüsusilə də, mədəni, humanitar, iqtisadi, turizm, sənaye, ticarət və digər sahələrə bunun müsbət təsirini görəcəyik. Münasibətlərin qurulmasının əsas leytomativi iqtisadi münasibətlərin genişləndirilməsidiir.  Həm neft-qaz, həm də enerji sahələrində irəliləyişlər ola bilər. Amma təbii olaraq, dövlətlərarası siyasi münasibətlər istiqamətində şərait yaradılmalı və gücləndirilməlidir ki, digər sahələrdə də müəyyən irəliləyiş və tərəqqi olsun".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Qabil Hüseynlidən ŞOK FAKTLAR - Mehdiyev kimlərin torbasını tikib?