Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib, barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.
DTX-nın Baş İstintaq İdarəsində Mehdiyevə qarşı dövlətə xəyanət (CM-nin 274-cü maddəsi), hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama (278-ci maddə), həmçinin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması (193-1-ci maddə) ittihamları irəli sürülüb.
Ramiz Mehdiyevin vaxtilə əlindəki rıçaqlardan istifadə etməklə Rusiyadakı müəyyən dairələrin tapşırığı əsasında Cənubi Qafqazda sülhə mane olduğu ilə bağlı iddialar da səsləndirilməkdədir.
Modern.az-a açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib ki, hazırda Azərbaycanda sülh mane olmaq gücündə olan siyasi qüvvə yoxdur:
“Ola bilər ki, yüksək səviyyəli məmurların içərisində kimlərsə, bu prosesə mane olmaq istəsinlər. Sadəcə olaraq Azərbaycanın sülh prosesində uğurunu görmək istəməyən qüvvələr var. Özünü “radikal müxalifət” adlandıranlar Azərbaycanın əldə etiyi nəticəni görmək istəmirlər, ona qara yaxmaq istəyirlər. Amma hesab etmirəm ki, Azərbaycanda kimlərsə, sülh prosesinə qarşı ciddi şəkildə fəaliyyət göstərsinlər. Təbii ki, Rusiyada da Azərbaycan daxilində stabilliyin pozulmasını istəyənlər var. Təkcə söhbət sülh prosesinə qarşı olmaqdan getmir, Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən işğal faktının da, təxribatların da kökündə Azərbaycana qarşı addım dururdu. Ermənistandan sadəcə olaraq alət kimi istifadə edirdilər. Azərbaycan daxilində xaos yaradıb, öz istəklərini həyata keçirmək istəyən dairələr istər Rusiyada, istərsə də Qərbdəki bəzi dairələrdə mövcud idi. Ermənistanda hansısa yeni qüvvələri-revanşistləri hakimiyyətə gətirib, ölkəmizə qarşı addımlara sövq etmək beləliklə də, Azərbaycanı gərgin vəziyyətdə saxlamaq məqsədləri olanlar var. Amma Azərbaycana sülh və stabillik sərf edir. Orta dəhliz Azərbaycanın maraqlarına cavab verir. Zəngəzur və Araz dəhlizləri işləyəndən sonra ölkəmiz tam şəkildə regionun əsas iqtisadi tərəfdaşlarından birinə çevriləcək”.
A.Nağı Ramiz Mehdiyevin sülhə mane olmağa çalışmasından da danışıb:
“Ramiz Mehdiyevin anti-Qarabağ mövqeyini hər zaman hiss etmişəm. Qarabağ Azadlıq Təşkilatına qarşı az qala düşmən mövqedən çıxış edirdilər. Təşkilatın qeydiyyatdan keçirilməsi ilə bağlı dəfələrlə müraciət etmişdik. Hamı dolayısı ilə işarə edirdi ki, Ramiz Mehdiyev buna razılıq verməlidir ki, təşkilat yaradılsın. 2000-ci ilin yanvarında biz bərpa qurultayı keçirdik. Qurultayın Aktyorlar Evində keçirilməsini planlaşdırırdıq, beh də vermişdik. 1000 nəfərdən artıq adam gəlmişdi. Son anda qapıları bağladılar, imkan vermədilər ki, qurultay baş tutsun. Təbii ki, bu dolayısı ilə sülhə qarşı addımıydı. Azərbaycanda bu cür mövqe tutmaqla, sülhün əldə edilməsini istəmirdi. Həm də bu onun Azərbaycan hakimiyyətinin fəaliyyətinə kölgə salmaq niyyətlərindən xəbər verirdi”.