Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyədən Azərbaycana yükdaşımalar üçün Marqara-Yeğeqnadzor-Sisian-Gorus marşrutunun açılmasını təklif edib.
O bildirib ki, əgər Türkiyə və Azərbaycan tərəfləri razılaşarsa, rəsmi İrəvan bu istiqaməti dərhal tranzit üçün istifadəyə verməyə hazırdır: “Gorus və Kornidzora qədər yollarımız yaxşı vəziyyətdədir, tranziti təmin edə bilərik”.
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da əlavə edib ki, Yerasx (Arazdəyən)-Sədərək istiqaməti də açılmalıdır. “Bu, regiondakı infrastrukturun açılmasının üzvi davamı və ya başlanğıcı olmalıdır”, – Mirzoyan bildirib.
Azərbaycan tərəfi hələlik təkliflərə münasibət bildirməyib.
“Azərbaycan üçün prioritet Zəngəzur dəhlizidir”
Məsələ ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Zəfər ölkəmizin beynəlxalq hüquq çərçivəsində haqlı mövqeyini, ədaləti təsdiqləməklə yanaşı, regionda yeni nəqliyyat-kommunikasiya imkanlarının yaranmasına zəmin yaradıb:
“Azərbaycanın hərbi-siyasi qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın müddəalarına əsasən, indiyədək Zəngəzur dəhlizinin açılması təmin olunmalı idi. Çünki bu dəhlizin açılması yalnız Azərbaycanın deyil, eyni zamanda, regionun digər dövlətlərinin də maraqlarına cavab verir. Zəngəzur dəhlizinin bərpası ilə Avropa ilə Asiya qitələri arasında ticarət dövriyyəsinin həcmi daha böyük rəqəmlərlə ifadə ediləcək. Bu dəhliz yüklərin qısa müddətdə mənzil başına çatdırılması, nəqliyyat xərclərinin azalması baxımından ölkələrə, şirkətlərə əlavə qazanc gətirəcək. Zəngəzur dəhlizi Azərbaycanı region dövlətləri ilə yanaşı, Mərkəzi Asiya ilə Türkiyə və Avropanı birləşdirəcək. Çindən, Mərkəzi Asiya respublikalarından, eləcə də Cənub-Şərqi Asiyanın başqa ölkələrindən Avropaya daşınan yüklər Bakı Beynəlxalq Dəniz Ticarət Limanına, oradan isə Zəngəzur dəhlizi vasitəsilə Türkiyə və Şərqi Avropa ölkələrinə çatdırılacaq.
Bu ilin avqust ayında Vaşinqtonda keçirilən görüşdə imzalanmış Birgə Bəyannamədə ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəlişin təmin edilməsi, yəni Zəngəzur dəhlizinin açılması da öz əksini tapıb”.

V.Rəhimzadə vurğulayıb ki, Azərbaycan üçün prioritet Zəngəzur dəhlizinin açılmasıdır:
“Son günlər Ermənistan tərəfindən yükdaşıma üçün müxtəlif marşrutlar təklif edilir. Azərbaycan regionda nəqliyyat - kommunikasiyaların açılmasının tərəfdarıdır və bu istiqamətdə konstruktiv mövqe ortaya qoyur. Amma ölkəmiz üçün prioritet məsələ Zəngəzur dəhlizinin açılmasıdır. Bugünlərdə möhtərəm Prezidentimiz İlham Əliyev dost Qazaxıstana dövlət səfəri çərçivəsində Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasındakı çıxışında qeyd etdi ki, avqustun 8-də Vaşinqtonda keçirilən Sammit geniş regional kontekstdə - Avrasiya qitəsində tərəqqi üçün böyük perspektivlər açır. Zəngəzur dəhlizinin yaxın illərdə açılması nəqliyyat və logistika ilə bağlı məsələlərdə ötürücülük qabiliyyətini xeyli artıracaq. Dövlətimizin başçısı bildirdi ki, ümid edirik ki, digər ölkələrin ərazisində də bütün bunlar analoji sürətlə həyata keçiriləcək və belə olan halda Zəngəzur dəhlizinin açılışı 2028-ci ilin sonuna qədər baş verə bilər. Azərbaycan ərazisində avtomobil və dəmir yolu əlaqəsi üzrə bütün işlər gələn ilin ortalarında başa çatdırılacaq”.
“Ermənistanın təklif etdiyi yol Azərbaycan üçün əhəmiyyət daşımır”
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyevin fikrincə, hazırda Ermənistanın təklif etdiyi bu yollar Azərbaycan üçün heç bir önəmə sahib deyil:
“Qeyd olunan təkliflər yeni deyil. 2022-ci ildə Ermənistan Baş naziri Nikol Paşinyan buna bənzər olaraq Sədərək-Kəlbəcər-Qubadlı keçid məntəqələrinin avtomobil yolu üçün və həmçinin Arazdəyənlə-Sədərək arasında dəmiryolunun açılmasını təklif etmişdi. Azərbaycan tərəfinə bunlar heç bir şey vermir. Bizim Gürcüstan, lazım olarsa, İran üzərindən Türkiyəyə çıxışımız var. Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Türkiyəyə çıxışımız mövcuddur. Bizə əsas vacib olan Naxçıvana qısa çıxışın olmasıdır. 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycanın uzaqgörənliyi nəticəsində tək Ermənistan üzərindən deyil, həmçinin İran üzərindən Araz dəhlizinin icrası ilə bağlı da işlər görürük. Son məlumatlara görə artıq gələn ilin martında Araz dəhlizi istiqamətində görülən işlərin avtomobil seqmenti açılacaq. Bu yaxınlarda cənab Prezident Qazaxıstanda Azərbaycan üzərindən Ermənistana yüklərin daşınması üçün qoyulan bütün qadağaları aradan qaldırıldığını elan etdi. Erməni tərəfi buna kontr-arqument kimi avtomobil yolu təklif edib. Amma həmin avtomobil yolu Azərbaycana heç nə vermir. Ermənistanın əsas hədəfi Türkiyə və İran istiqamətində olan yolların açılmasıdır. Bundan istifadə üçün də bir şey təklif etməlidir. Ermənistan-Türkiyə sərhədi 30 ildən çoxdur ki, bağlıdır.Zəngəzur dəhlizindən sonra güman ki, bütün kommunikasiyalar açılacaq. Onların təklif etdiyi Marqara keçid məntəqəsi Sədərəkdən biraz yuxarıda yerləşir. Bu məntəqə bir günlük zəlzələ dövründə və 10 günlük olmaqla iki dəfə açılıb. Marqaradan üzü Gorusa onların elan etdiyi yol Şimal-Cənub dəhlizinin bir seqmentidir. Orada heç bir iş görülməyib, iki zolaqlı yoldur. Gorusdan Korndizor və bizim Laçın yoluna alternativ yol var. O yol da böyük yük axını üçün nəzərdə tutulmayıb. Bu yol sonradan aşırımlara keçir. Hazırda da Qarabağda tikinti işləri gedir. Bu Yevlax-Xocalı-laçın yoluna gəlib çıxır. Orada böyük yük trafikinə uyğun deyil”.

Ekspert vurğulayıb ki, Azərbaycan əsas məqsədi Naxçıvana daha qısa çıxış əldə etməkdir:
“Alternativ o ola bilərdi ki, sərhəddəki körpüdən üzü cənuba Xudafərin-Qubadlı-Laçın yolu açılsın. Orada da tikinti işləri gedir. Bu gün həmin yol Azərbaycan üçün münasib deyil. İkincisi də Türkiyəyə getmək üçün bütün kommunikasiyaların açılmasını biz də istəyirik. Amma ilk olaraq bizim üçün Naxçıvana qısa yol lazımdır. Digər marşrutların da bir deyil, bir neçə olması üstünlükdür. Bu gün Ermənistanın düşünürəm ki, daha ciddi təklifi olardı ki, işləri daha sürətli icra edib, Nüvədi kəndindən üzü Zəngilan istiqamətində yolu açsın. Partlayış işləri orada bu il görülüb, torpaq yataqlarının tikilməsi və qısa zaman ərzində avtomobil yolunun açılması ciddi arqument, təklif olar. 2028-ci ilə kimi Zəngəzur dəhlizinin açılması nəzərdə tutub. Bu da irəliləyən illərin nəticəsi olacaq. İndi bu dəqiqə təklif olunan marşrutlar bizə ciddi bir alternativ vermir. İran üzərindən tikilən marşrutun avtomobil yolu üzrə artıq gələn il təhvil verilməsi nəzərdə tutulub. Ermənistan istiqamətindən də bu işlər daha intensiv görülərsə, bax, bu, ciddi təklif olar”.
Sonda R.Ağamirzəyev qeyd edib ki, ümumi olaraq, hər yol öz-özlüyündə multi effekt verir:
“Belə yollar sərhədyanı ticarəti artırır. Yol hərəkətə gələndən sonra öz-özlüyündə bir inkişaf olacaq. Amma böyük yük axınından söhbət gedir. 43 kilometrlik ərazidən keçməklə, Azərbaycanın əsas hissəsindən Naxçıvana gediş baxımından, həm də Türkiyəyə qısa çıxış baxımından maraqlıdır. Amma təklif olunan yol 277 kilometrlik məsafəni qət edib, dağlıq yollara gəlib çıxmaq bu gün bizə nəsə vermir. Gələcəkdə bu yollardan alternativ kimi istifadə etmək olar”.