Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla kommunikasiyaların açılması üzrə hökumətlərarası komissiyanın yeni tərkibini təsdiqləyib.
Komissiyaya Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan sədrlik edəcək.
Komissiyanın üzvləri arasında müxtəlif nazirliklərin və dövlət qurumlarının yüksək vəzifəli nümayəndələri yer alır.
Eyni zamanda xarici işlər naziri Ararat Mirzoyanın həyat yoldaşı Qohar Abajyan da komissiyanın tərkibinə əlavə edilib.
Paşinyanın bu dəyişikliyinin səbəbi diqqət çəkib.
Modern.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib ki, Paşinyan yeni komissiyanın prosesləri sürətləndirəcəyini düşünür:
"Azərbaycan dəmir yolu və avtomobil yolunu Ermənistan sərhədinə qədər çəkib bitirmək üzrədir. Gələn ilin ortalarına qədər bu işi tamamlayacağıq. Türkiyə də bu istiqamətdə çalışmalara başlayıb. 8 avqustda Vaşinqtonda sülh sazişinin paraflanmasına və "Tramp yolu"nun anons edilməsinə baxmayaraq, Ermənistan hələ işlərə başlamayıb. Hətta büdcələrində də tikintiyə maliyyə ayrılması nəzərdə tutulmayıb. Ümid edirlər ki, ABŞ maliyyə verəcək. Birinci tranş 145 milyon dollar artıq Ermənistana verilib. Paşinyan da anlayır ki, bu prosesi sürətləndirməyə ehtiyac var. Tikinti indi başlasa, ən azı iki il çəkəcək. Ondan sonra prosesi yubatsalar, bu sülh prosesinə də mənfi təsir edə bilər. Ona görə ola bilsin ki, Paşinyan bu məqsədlə hökumətlərarası komissiyada yerdəyişmələr edib ki, yeni üzvlər prosesi sürətləndirə bilsinlər".