Modern.az

Kilsə Ermənistan siyasətindən silinir

Kilsə Ermənistan siyasətindən silinir

Analitika

6 Noyabr 2025, 11:14

Ermənistanda hökumətlə Kilsə arasında mübarizə ciddi şəkildə dərinləşib.

Baş naziri Nikol Paşinyan bu yaxınlarda parlamentdə çıxışı zamanı Erməni Apostol Kilsəsinin rəhbəri II Qaregini sərt tənqid edib və onun əslində ruhanilik statusunu çoxdan itirdiyini və “patriarx taxtı"nı ələ keçirdiyini qeyd edib.

Bundan əlavə parlamentin sədri Alen Simonyan onun seçkilərdən öncə istefa verməli olduğunu vurğulayıb. Eləcə də kilsəyə qarşı ciddi əməliyyatlar həyata keçirilir.

Ekspertlər düşünürlər ki, Paşinyan hökuməti seçkiöncəsi kilsənin siyasi dayaqlarını zəiflətəməyə, onu bu sferadan kənarlaşdırmağa çalışır.

Milli Məclisin deputatı Azər Allahverənov Modern.az-a bildirib ki, kilsə siyasi institut kimi çox güclü təsir imkanlarına malikdir:

“Kilsə tək dini, ideoloji nöqteyi-nəzərdən yox, həm də daha geniş səpkidə ölkə əhalisini təsir altında saxlamaq imkanına malik institutdur. Ona görə də bu gün Ermənistanın siyasi hakimiyyəti qarşıdan gələn parlament seçkilərinə qədər kilsəni neytrallaşdırımağa, bura hakimiyyətə loyal şəxslərin gətirilməsinə nail olmağa çalışır.

Kilsəyə qarşı radikal addımlar atmaq seçkiöncəsi mümkünsüz ola bilər. Çünki seçkiyə 1-2 ay qalmış kilsəyə qarşı radikal addımlar atlarsa, bu, hökumətin əleyhinə bumeranq kimi qayıda bilər. Və xalq bundan narazı qalaraq, hətta hakimiyyətə əks düşərgədə qərarlaşanan siyasi dairələrə etimad göstərə bilər.
Hazırda seçkilərə hələ 8-9 ay qalıb. Məhz bu səbəbdən, radikal addımlar atılması üçün əsl məqamdır. Ona görə də kilsə ilə bağlı sərt bəyanatlar verilir və  korrupsiya, qanunsuz maliyyə axınları kimi həssas məsələlərə toxunulur. Məhz bu, istər-istəməz hakimiyyətin narrativinə çevrilir. Hakimiyyət çalışır ki, vaxt itirmədən, ən azından II Qaregini kilsə hakimiyyətindən uzaqlaşdırsın və orada çox ciddi islahatlar başladılsın. Kilsə rəhbərliyinin Ermənistanın mövcud konstitusiyasındakı qadağaları pozması səbəbindən qeyri-legitim statusa düşməsi bir növ onun, xüsusilə də, II Qareginin imkanlarını məhdudlaşdırıb. Bu gün II Qaregin nə qərar verirsə, qeyri-legitim sayılır. Ermənistanın legitim siyasi hakimiyyətinin qənaətinə, eləcə də kilsə qanunlarına görə, faktiki olaraq II Qaregin qanunazidd şəkildə, qanuni qərarvermə səlahiyyətinə malik olmadığı halda Paşinyana yaxın olan keşişlərə - xüsusilə də, son günlər keşiş Arama qarşı olduqca sərt mövqe sərgiləyir. Halbuki özü qeyri-legitim statusdadır. Hakimiyyətdə bunu xüsusilə qeyd edir və bu mövzu üzərindən də kilsənin üzərinə gedir”.

Deputat düşünür ki, Paşinyan istənilən halda müəyyən mənada seçkiyə qədər kilsəni siyasi prosesdən uzaqlaşdırmağa müvəffəq olacaq:

“Çünki real rıçaqlar Paşinyanın əlindədir. Eyni zamanda Azərbaycanla münasibətlərin normallaşdırılması və sülh prosesi istiqamətində də əlavə uğur qazanmış olarsa, artıq xalq Paşinyanın arxasınca getməyə hazır ola bilər. Növbəti 8-9 ay ərzində qeyd etdiyim istiqamətlərdə uğur qazanmazsa, Paşinyan tərəfindən bu günə qədər qazanılan uğurlar bir qədər kölgədə qalmış olar. Çünki seçki prosesinə qoşulan siyasi dairələr birmənalı şəkildə bu günə qədər qazanılan uğurlar barədə yox, bundan sonra qazanılacaq və ya qazanılmayacaq nəticələri seçkiqabağı kampaniyalarda istifadə edə bilər. Bu da təbii ki, Paşinyanı çox çətin vəziyyətə sala bilər. Bunu da unutmaq olmaz ki, kilsə dini, ideoloji nöqteyi-nəzərdən həm də erməniçiliyin koseptual formalaşmasına xidmət edib. Bu gün kilsəyə qarşı hakimiyyətin başladığı demarş xüsusilə də milli identiklə bağlı olan əsaslara qarşı yönəlmiş addım kimi dəyərləndirilir. Bu narrativdən özünü uzaq tutmağı Paşinyan bacarsa, kilsəyə qarşı hücumu sırf hüquqi nöqteyi-nəzərdən həyata keçirmiş olarsa, kilsəni seçkilərə qədər müəyyən şəkildə neytrallaşdırmağa tam müvəffəq ola bilər”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya DƏHŞƏTLİ ZƏRBƏLƏR - Lukoyl partladıldı