Ermənistanda 2026-cı ilin iyununda keçiriləcək parlament seçkiləri öncəsi siyasi gərginlik artıb.
Xarici ekspertlər Ermənistanda Rusiyayönümlü qüvvələrin yeni seçki bloku üzərində işlədiyini və məqsədin Baş nazir Nikol Paşinyanın əsas siyasi xətti hesab edilən “sülh gündəmi"ni zəiflətmək, onun Qərblə yaxınlaşma siyasətini gözdən salmaq olduğunu qeyd edirlər.
“Beşinci kolon” adlandırılan qüvvələr kilsə faktorundan da geniş istifadə edirlər. Paşinyanla II Qaregin arasında gərginlik fonunda xaricdə, xüsusilə ABŞ-da “Ermənistanda xristianlara təzyiq” kimi iddiaların tirajlanması diqqət çəkir.
Bütün bunların fonunda gələn il keçiriləcək seçkilərdə Nikol Paşinyanın qalib gəlib-gəlməyəcəyi ciddi suallar doğurur.
Modern.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib ki, hazırda Baş nazir Nikol Paşinyanın qarşısındakı əsas hədəflərdən biri kilsəni parçalamaqdır:
“Nikol Paşinyanın partiyası erməni kilsəsinin yerləşdiyi Eçmiədzin ərazisində bələdiyyə seçkilərini qazandı. Bunun özü belə parlament seçkilərində Paşinyanın qələbəsini təmin edə bilər. Paşinyanın qarşısındakı əsas hədəflərdən biri kilsəni parçalamaqdır. Hesab edirəm ki, bu gedişlə o, istəyinə nail olacaq”.
E.Şahinoğlu Rusiyanın seçkilərə müdaxilə imkanlarının olmadığını söyləyib:
“Rusiyanın elə bir güclü fiquru hazırda Ermənistanda yoxdur. Rusiya müxtəlif yollara əl atsa da, uğur qazanmadı. Köçəryanla Sarkisyanın reytinqi yoxdur. Karapetyanı ortaya atdılar, o da həbs olundu. İnanmıram ki, Paşinyan parlament seçkilərindən öncə onu həbsdən azad etsin. Bircə kilsə qalır. Kilsə də ittifaq qurub, Paşinyanı zəiflədə bilər. Amma Paşinyan bu istiqamətdə də üzərinə düşənləri edir. Əgər fövqəladə hadisə, terror, çevriliş alınmasa, Paşinyanın və partiyasının seçkidə qələbə qazanma ehtimalı getdikcə artır”.
Politoloqun fikrincə, Nikol Paşinyan terror və çevriliş cəhdlərini hesaba alaraq seçkiləri nəzərdə tutulan vaxtdan daha erkənə çəkə bilər:
“Terror və ya çevriliş cəhdi olub-olmayacağını söyləmək çətindir, çünki erməni radikalları bu işləri yaxşı bacarırlar. Bunu əvvəllər öz əməlləri ilə sübut ediblər. Paşinyan da bu ehtimalı hesablayır. Hesab edirəm ki, Paşinyan radikal müxalifətin planlarını pozmaq məqsədilə seçkiləri iyunda yox, daha erkən keçirə bilər”.