Modern.az

Ankara Rusiya ilə Ukraynanı barışdıra bilər?

Ankara Rusiya ilə Ukraynanı barışdıra bilər?

Analitika

19 Noyabr 2025, 11:24

Bu gün Ankarada dünyanın diplomatik səhnəsinin diqqət mərkəzində duran görüş baş tutacaq. Volodimir Zelenski ilə Rəcəb Tayyip Ərdoğan arasında Türkiyənin paytaxtında görüş olacaq. Bu səhnənin arxasında praktik diplomatiya ilə yanaşı ciddi maneələr də görünür.

Görüşdən əvvəl tərəflərin verdikləri açıqlamalara diqqət edək. Ukrayna prezidenti bildirib ki, Türkiyəyə getməsinin əsas məqsədi “ədalətli sülh” üçün yeni imkanlar yaratmaqdır. 

Türkiyə hökumətinin bildirdiyinə görə, görüşdə həm Türkiyə-Ukrayna ikitərəfli münasibətləri, həm də müharibəyə son qoyulmasının həll yolları müzakirə olunacaq. 

Rusiya görüşə yüksək rəsmi səviyyədə qatılmır, Amerika rəsmiləri isə bu gün Ankarada olacaq. Bu kontekst göstərir ki, görüş bir növ paylama nöqtəsi ola bilər.

Türkiyə coğrafi və diplomatik baxımdan Avropa ilə Asiyanın, Rusiya ilə Qərbin arasında yerləşir. Bu baxımdan ciddi rola malikdir.

2022-ci ildə Türkiyənin vasitəçiliyi ilə Mavi Dəniz bölgəsində taxıl ixracı razılaşması imzalanmışdı. Bu təcrübə Türkiyənin “müharibə şəraitində diplomatiya platforması” kimi rolunu nümayiş etdirir.

İndi “Dünyanın gözü Ankarada”, “Ankara bu müharibəyə son qoysun” kimi düşüncələr həm şüar və arzu, diplomatik platforma üçün isə ideal vizyon olaraq səs salır.

Bu baxımdan Ankara üçün iki vacib rol var, diplomatik platforma və barış üçün müzakirələrin açılması və dünyaya “biz dialoqa çağırırıq, sülh mümkün olmalıdır” mesajı verilməlidir.

Müharibə nəticəsində Ukraynada şəhərlər boşalıb, yüz minlərlə insan öz ölkəsindən çıxmaq məcburiyyətində qalıb. Bu, müharibələrin arxasında duran geopolitik, strateji, iqtisadi maraqları göstərir. Silah sənayesi, enerji resursları, nüfuz mübarizələri, nə yazıq ki, insanlıq bu maraqlar qarşısında ikinci plana atılır. Bu məqamda Ankara görüşü bir diplomatik hərəkatdır. Əslində bu, bir insanlıq hərəkatıdır və müharibənin yükünü daşıyanlar üçün bir işıq nöqtəsi ola bilər.

Görüş vasitəsilə Türkiyə və Ukrayna yeni diplomatik mexanizm qursa, ardınca  razılaşma hazırlayıb Rusiya və digər beynəlxalq oyunçulara təklif edə bilərlər. Türkiyənin Qərb və Rusiya ilə münasibətləri institusional fayda yarada bilər. Ən azından bu görüş dünyaya bir mesaj verə bilər ki, müharibə davam edə bilməz, sülhün alternativi yoxdur.

Görüşdən sonra Türkiyə və Ukrayna əsirlərin dəyişimi, humanitar dəhlizlər, müəyyən səviyyədə atəşkəs çağırışı kimi məhdud razılaşma çərçivəsi aça bilərlər.

Paralel olaraq Türkiyə “Ankara formatı” çərçivəsində diplomatik kanalını açıq saxlayaraq, bundan sonra Rusiya və digər tərəflərlə vasitəçilik roluna yönələ bilər.

Qısa müddətdə tam sülh olmasa da təhlükəsizlik zəmanətlərinin müzakirəsi, “sülhə hazırlıq” mexanizmi qurulması mümkün ola bilər.

Bir az romantik səslənsə də, dünya artıq müharibələrdən yorulub. İnsanlıq daha çox həyat, azadlıq və gülüş tələb edir.

Odur ki, bu görüşdən sonra real diplomatik mexanizmlər, təhlükəsizlik zəmanətləri, insanlıq mərkəzli addımlar gündəmə gəlməlidir ki, bu “başlanğıc” söz olaraq qalmasın. Əks halda, “yeni bir sülh mərhələsi” deyə-deyə, yenə müharibənin gətirdiyi dağıntıları görəcəyik.

Sevinc MƏHƏRRƏMOVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK HÜCUM! Rusiya Türkiyəni də vurdu