BMT Təhlükəsizlik Şurası ötən gün Qəzza ilə bağlı "Tramp planı"nı dəstəkləyən qətnamə qəbul edib.
Qətnamə Qəzza zolağında müharibənin dayandırılmasını, keçid idarəetmə orqanının yaradılmasını və beynəlxalq sabitləşdirmə qüvvəsinin, yəni sülhməramların bölgəyə yerləşdirilməsini nəzərdə tutur.
Bu isə Azərbaycanın prosesdə iştirak edib-etməyəcəyi ilə bağlı məsələni yenidən aktuallaşdırır. Bundan öncə, ekspert rəylərində Azərbaycanın sülh prosesində necə iştirak edə biləcəyinin sülh planının təsdiqindən sonra mümkün olacağı bildirilirdi. Bu barədə "Reuters" agentliyi hökumətdəki mənbəyə istinadla məlumat yayıb.
Mənbənin sözlərinə görə, Azərbaycan yalnız hərbi əməliyyatlar tam dayandırıldıqdan sonra belə bir məsələyə baxa bilər. “Biz əsgərlərimizi təhlükəyə atmaq istəmirik. Bu, yalnız döyüşlər tam dayandıqdan sonra mümkün ola bilər”, – deyə mənbə bildirib.
Qeyd edilib ki, qoşun göndərilməsi qərarı parlament tərəfindən təsdiqlənməlidir.
Modern.az-a açıqlamasında politoloq Eldar Cəfərov bildirib ki, Azərbaycan Yaxın Şərqdə sülhün olmasında maraqlıdır:
“Azərbaycan daim beynəlxalq hüququn tərəfdarıdır. Nəinki Yaxın Şərq ərazisində, eləcə də Avropada Kosova, Asiyada İraqdan tutmuş Əfqanıstan məsələlərində Azərbaycan sülhməramlıları daim öz üzərlərinə düşən öhdəliklərini yerinə yetiriblər. İndi də Qəzza məsələsi var. Əvvəla, Azərbaycan Yaxın Şərqdə maraqlı qüvvədir. Ölkəmiz Suriyada baş verən son hadisələrdən də yan keçməyib. Beynəlxalq sülh gündəliyi çərçivəsində Misirin Şarm Əl-Şeyx şəhərində keçirilən görüşdə də Azərbaycan iştirak edib. Deməli, Azərbaycan sülhdə maraqlıdır. İran və digər dövlətlərin Azərbaycanın birbaşa İsraili dəstəkləmədə günahlandırılması isə əbəs və yalandır.
“Tramp planı” İsrail və HƏMAS tərəfindən qəbul edilərsə, Yaxın Şərqdə sülh quruculuğu başlaya biləcək”.
Politoloq vurğulayıb ki, Azərbaycan sülhməramlılarının Qəzzada iştirakı birbaşa ölkəmizin maraqları dairəsindədir:
“Sülh quruculuğu işlərində Azərbaycan mütləq şəkildə həmişə iştirak edir. Əfqanıstan və İraqda da bu özünü göstərib. Məktəblərin bərpası və onların təhlükəsizliyinin qorunması, strateji obyektlərdə hərbçilərimizin iştirakı bu sahədə təcrübəli olduğumuzu göstərir. Ona görə də, Azərbaycan ordusunun hərbçilərinin Qəzzada iştirakı vacibdir və bu mütləq olmalıdır”.